Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.

Bununla bağlı qərar Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında qəbul edilib.

Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib. Qurumun Şuraya müraciətində qeyd olunub ki, dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə azalır. Xidmətlərlə bağlı 2 dekabr 2013-cü il tarixində həyata keçirilmiş son tarif tənzimlənməsindən sonra trafik daha da azalıb ki, bu da müəssisələrin maliyyə fəaliyyətinə təsir edib. Bu baxımdan, keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, əməkhaqlarının artırılması və xərclərin qarşılanması məqsədilə tariflərə yenidən baxılmasına zərurət yaranıb.

Qərar noyabrın 1-dən qüvvəyə minəcək.

Tarif Şurası internet və xüsusi radiorabitə tarifləri ilə bağlı qərar qəbul edib

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet, xüsusi radiorabitə, “AzStateNet” fiber optik şəbəkəsindən istifadə və digər xidmətlər üzrə tariflərə baxılması ilə bağlı müraciətinə baxılıb.

 Şura xəbər verir ki, müraciətdə dövlət qurumlarının etibarlı rabitə ilə təmin edilməsi üçün yeni xidmətlərin yaranmasına və onlara çəkilən xərclər nəzərə alınmaqla tarif tənzimlənməsinə zərurət yarandığı bildirilib.

Xidmətlə bağlı son tarif tənzimləməsinin 24 noyabr 2011-ci il tarixində həyata keçirildiyi nəzərə alınaraq təklif olunan tariflərin qəbul olunması məqsədəuyğun hesab edilib. Bu xidmətlər yalnız dövlət orqanlarına göstərildiyi üçün bu tariflər əhaliyə və sahibkarlıq subyektlərinə şamil edilmir.

.