Ləğv olunmuş “AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyev dövlət ittihamçısının protesti əsasında məhkəmə zalında həbs olunub.

Hökm Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

E.Nəbiyev bankın İdarə Heyətinin sədri vəzifəsində işləyərkən özgə malını mənimsəmədə ittiham edilərək, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

O Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3, (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri üzrə təqsirli bilinib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2018-ci il hökmü əsasında E.Nəbiyevə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddə ilə şərti cəza verilib. O zaman E.Nəbiyev məhkəmə zalından azadlığa buraxılmışdı.

E.Nəbiyevin ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasında, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasında ittiham edilirdi.

Hökmdən narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə öz növbəsində kassasiya şikayətini qəbul edərək Bakı Apellyasiya Məhkəməsinə göndərib.

“AtraBank” Ali Məhkəmənin 11 avqust 2016-cı il tarixli qərarı ilə ləğv olunub.

.