Mayın 31-dən Azərbaycanın 56 avtovağzal və avtostansiyasından regionlar üzrə 566 müntəzəm marşrut xətti ilə sərnişindaşımalar həyata keçiriləcək.

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə bildirib.

Onun sözlərinə görə, marşrut xətləri üzrə 1 864 avtobus fəaliyyət göstərəcək.

N. Allahyarova onu da qeyd edib ki, avtobuslarda oturma yerləri ilə bağlı heç bir məhdudiyyətlər olmayacaq, yəni sərnişinlər bir-biri ilə yan-yana oturacaqlar.

Bununla yanaşı, tariflər məsələsinə toxunan DANX rəsmisi qeyd edib ki, şəhərlər və regionlar arası reyslərə bilet satışı əvvəlki (pandemiyadan əvvəl tətbiq olunan) tariflərlə həyata keçiriləcək.

DANX nümayəndəsi pandemiya dövründə sərnişinləri biletləri onlayn şəkildə almağa çağırıb. N. Allahyarova qeyd edib ki, biletlərin onlayn satışı iyun ayının ortalarından etibarən bərpa ediləcək.

.