Bu il oktyabrın 1-dən Azərbaycanda muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq.

Yenizaman bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)", onun əlavələrinin formaları və tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib.

Vergi ödəyicilərinə xidmətin daha da sadələşdirilməsi məqsədilə yeni redaksiyada təsdiq edilmiş "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" forması oktyabrın 1-dən şəxsi elektron kabinet üzərindən təqdim olunacaq.

Xatırladaq ki, indiyədək bu bəyannamə müvafiq interfeys vasitəsilə ayrıca təqdim edilirdi, digər vergilərə dair bəyannamələr isə vahid şəkildə elektron kabinetdən göndərilirdi. Artıq bu sistem şəxsi kabinetə tam inteqrasiya olunub və vergi ödəyiciləri muzdlu işlə əlaqədar bəyannaməni də e-kabinet üzərindən təqdim edə biləcəklər.

Yenilik sahibkarların inzibati yükünü azaldacaq, bütün bəyannamələrin vahid mənbədən təqdim olunmasına imkan verəcək. Nəticədə, vaxt itkisi aradan qaldırılacaq, rəqəmsal şəffaflıq və hesabatlılıq daha da güclənəcək. Sahibkarlıq subyektləri üçün hesabat prosesləri sadələşdiriləcək, bununla da vergi öhdəliklərinin vaxtında və rahat yerinə yetirilməsinə daha münbit şərait yaranacaq.

Dövlət Vergi Xidməti bütün vergi ödəyicilərini oktyabrın 1-dən İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) şəxsi kabinet vasitəsilə bu imkandan yararlanmağa dəvət edir.

Yeni bəyannamə (hesabat) forması, onun əlavələri və doldurulma qaydaları ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

.