Koronavirusa qarşı vaksinasiya pulsuz  həyata keçiriləcək.

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. 

Direktor: “Çinin “CoronaVac” peyvəndindən əks göstərişlə bağlı məlumat yayılmayıb”

“Ənənəvi yolla hazırlanan peyvəndlər daha təhlükəsizdir. Ola bilər digər yolla hazırlanan peyvəndlər bundan yaxşı olacaq. Bunu sadəcə zaman göstərə bilər”.

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

O qeyd edib ki, immun sistemi çalışmasa, vücudun bütün sistemi çökəcək: “Çində “CoronaVac” peyvəndi uzun zamandır hazırlanır. Türkiyədə də minlərlə insanın üzərində bu peyvəndlər bağlı tədqiqatlar aparılır. Hələ əks göstərişlə bağlı məlumat yayılmayıb. Biz ilk növbədə peyvəndlərə inanmalıyıq. 1941-1945-ci illərdə Vəli Axundov adına institut ölkədə yeganə peyvənd hazırlayan institut olub və minlərlə insanın həyatını xilas edib. Vaksinasiya ilə bağlı bizim kifayət qədər təcrübəmiz var”.

TƏBİB: Azərbaycana vaksinlərin alınması iki platforma ilə həyata keçiriləcək

“COVİD-19 əleyhinə inaktiv yolla, RNT əsasında hazırlanan və canlı virus üzərində hazırlanan vaksinlər var”.

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, Azərbaycana vaksinlərin alınması 2 platforma ilə həyata keçiriləcək: “Artıq ölkəmiz GAVİ təşkilatının müzakirələrinə qatılıb. Eyni zamanda ikitərəfli danışıqlar da aparılır. İkitərəfli danışıqlar istiqamətində Türkiyə ilə çalışırıq. Çünki Türkiyədə aparılan 3-cü faza tədqiqatlar bizim üçün daha əlçatandır. Təhlükəsizlik və effektivliyə əmin olmağımız əsas məqamlardan biridir. Üçüncü fazanın nəticələri bir neçə ölkə tərəfindən açıqlanan sonra biz daha rahat qərar verə biləcəyik. Dünyanın bir sıra ölkələri vaksinləri təcili qeydiyyata alaraq öz ölkələrində vurmağa başlayıblar. Biz də qeydiyyat prosesini izləyirik. Türkiyədə müxtəlif laboratoriyalar vaksinlərin təhlükəsizliyi üçün tədqiqatlar aparır. Vaksinlərin bütün seriyası üzərində bu tədqiqatlar aparılmalıdır. Yəni hər partiya üçün bunlar sınaqdan keçirildikdən sonra istifadəsinə icazə verilməlidir. Analizlərin nəticələri bizim üçün çox vacibdir. Səhiyyə Nazirliyinin də Analitik Ekspertiza Mərkəzinin bunun üçün imkanları kifayət qədərdir. Müxtəlif qurumlar tərəfindən bu istiqamətdə işlər aparılır”.

.