“COVID-19-la bağlı yuxarı risk qrupuna səhiyyə işçiləri daxildir”. 

Bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, orta risk qrupuna ictimai nəqliyyatda işləyən insanlar daxildir: “Aşağı risk qrupuna isə ofis şəraitində işləyən, insanlarla çox təmasda olmayan peşələrdə çalışanlar daxildir”. 

Y.Qarayeva qeyd edib ki, iş yerlərində qaydalar və prosedurlar iş sahəsindən asılı olaraq yenidən işlənilməli və beynəlxalq qaydalara adaptasiya edilməlidir: “Bəzi yerlərdə məcburi olaraq əlcəklər taxılır. Əlcəkdən düzgün istifadə olunmadıqda isə xəstəlikdən qorumur. Əlcəkdənsə əllərin tez-tez dezinfeksiyası bizi xəstəlikdən daha yaxşı qoruyar”.

Departament müdiri müəssisə rəhbərlərinə müraciət edib. O qeyd edib ki, hər zaman vaksinasiya nəticəsində insanlar ölümcül xəstəliklərdən azad olub: “Statistikaya əsasən 2021-ci il üzrə Azərbaycanda koronavirusa ən çox yoluxanlar səhiyyə işçiləri olub. İkinci yerdə SOCAR, sonra təhsil və Xəzər Dəniz Gəmiçiliyinin işçiləri arasında daha çox yoluxmalar qeydə alınıb”.
 

.