Azərbaycan Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə ölkədə həyata keçirilən dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icra vəziyyətini müzakirə edib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bununla bağlı müzakirələr şirkətin baş icraçı direktoru Marko Arçelli ilə görüşdə aparılıb.

Görüşdə su ehtiyatlarının səmərəli idarə olunması və dayanıqlı inkişaf məqsədləri çərçivəsində gələcək potensial layihələr ətrafında fikir mübadiləsi aparılıb: "Bu kimi təşəbbüslərin ölkədə dövlət-özəl tərəfdaşlığının inkişafı, yüksək texnoloji bilik və innovasiyaların transferi baxımından əhəmiyyətini vurğuladıq".

Qeyd edək ki, layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. Layihənin "ACWA Power" və Türkiyənin "IC İçtaş İnşaat" şirkətinin daxil olduğu konsorsium tərəfindən həyata keçirilməsi planlaşdırılır.

Sazişin şərtlərinə görə, layihənin icra müddəti 27,5 il təşkil edəcək, bu müddət bitdikdən sonra obyektin idarəçiliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək.

Tikinti işlərinin 2,5 il ərzində başa çatdırılması planlaşdırılır. 2004-cü ildə təsis edilmiş "ACWA Power" şirkəti, suyun duzsuzlaşdırılması və yaşıl hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət 13 ölkədə - Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyada fəaliyyət göstərir və 4 mindən çox işçi heyətinə sahibdir.

 

.