Bunu APA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.

A. Əliyev deyib ki, hazırda müəyyən olunmuş dərmanların qiymətlərin təyin edilməsi prosesi gedir: "Birinci tənzimlənmə mərhələsi üçün sənədlər hazır olandan sonra yaxın vaxtlarda sənədlər Tarif Şurasına təqdim olunacaq”.
Dərmanların qiymətlərinin mərhələlərlə müəyyənləşdirilməsinin davam edəcəyini qeyd edən A. Əliyevin sözlərinə görə, hazırda ümumilikdə dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslərdən bəyannamələrin qəbulu davam etdirilir.
Qeyd edək ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə Tarif (qiymət) Şurası tərəfindən 10 istinad ölkəsi müəyyənləşdirilib və iyunun 9-dan başlayaraq qiymət bəyannamələrinin və sənədlərin qəbulu başlayıb.
Prosedura əsasən, qiymət tənzimlənməsi məqsədi ilə təsdiq edilmiş bəyannamə formaları dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən doldurularaq, müvafiq sənədlərlə birlikdə Tarif (qiymət) Şurasının katibliyinə təqdim olunmalıdır. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün sənədlərin qəbulu və araşdırılması Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilir.
Sənədlərə baxılarkən dərman vasitəsinin orijinalı və generikləri ilə bağlı Səhiyyə Nazirliyindən məlumat alınır. Qiymət bəyannamələri və tələb olunan sənədlər baxıldıqdan sonra dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Tarif (qiymət) Şurasının iclasının gündəliyinə daxil edilir. Ölkəmizdə dövlət qeydiyyatına alınmış 4,5 mindən çox dərman vasitəsi var. Qiymətlər təsdiqləndikcə qiymətlər cədvəli və qiymətlərin qüvvəyə minmə tarixi barədə məlumatlar KİV-də veriləcək, İqtisadiyyat və Sənaye Nazirliyinin (www.economy.gov.az), Tarif (qiymət) Şurasının rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdiriləcək və Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında elektron məlumatlarda (www.pharma.az) əks olunacaq.
.