Növbəti həftələrdə Azərbaycanda daha bir ixtisaslaşmış sənaye zonasının açılışı gözlənilir.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı müstəqil hesabatının növbəti nəşrinin təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, iqtisadi zonalar bizneslərə dəstək verməyə hazırdır.

"Bu gün ölkənin qeyri-neft ixracının müəyyən faizi xüsusi sənaye zonalarının payına düşür. Bu rəqəm sürətli şəkildə artır. Bu gün ölkənin qeyri-neft sektorunun artım dərəcəsi təqribən 51%-ə yaxındır", - deyə M. Cabbarov qeyd edib.

Ələt İqtisadi Zonasının yaradılmasından danışan nazir əlavə edib ki, bu layihənin 2022-ci ilədək investorlara açıq olacağı gözlənilir.

Xatırladaq ki, hazırda Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, həmçinin Hacıqabul, Neftçala və Masallıda sənaye məhəlləsi fəaliyyət göstərir.

Nazir: "İşğaldan azad olunan ərazilərdə "yaşıl enerji"yə dair bir neçə layihə artıq təsdiqlənib"

Azərbaycanın işğaldan azad olunan ərazilərində "yaşıl enerji"nin yaradılması və inkişafına dair bir sıra layihə ilkin olaraq artıq təsdiqlənib.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı müstəqil hesabatının növbəti nəşrinin təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə digər layihələrin də icrası nəzərdə tutulur ki, onların da üzərində danışıqlar aparılır.

"Bu layihələr ofşor və onşor formatında olacaq. Əlbəttə, qanunvericiliyin təkmilləşdirilməsi də paralel olaraq aparılır. Bu da eyni zamanda orta ölçülü investorlar üçün çıxış yaradır. Biz bilirik ki, enerji potensialı var", - deyə nazir qeyd edib.


 

.