Pakistan Milli Bankının müraciəti əsasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilib.

AMB-dən verilən məlumata görə, Pakistan Milli Bankının Bakı Filialının bank lisenziyasının könüllü ləğvi ilə bağlı müraciət Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib.

Mərkəzi Bank tərəfindən Pakistan Milli Bankının Bakı Filialının lisenziyasının könüllü ləğvinə dair qərar qəbul edilərkən Filialın ləğvetmə planı və təqdim edilmiş maliyyə hesabatları əsasında öhdəliklərinin icrası imkanlarının olması nəzərə alınıb. Belə ki, 30.09.2022-ci il tarixinə Filialın likvid aktivləri (6,7 mln. manat) cəmi öhdəliklərini (0,5 mln. manat) dəfələrlə üstələyir. Filialın ləğvedicisi (Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed) Azərbaycan Respublikasının qanunvericiliyinə və Filialın ləğvetmə planına müvafiq olaraq könüllü ləğv prosesini, o cümlədən kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirəcək. Mərkəzi Bank qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində ləğvetmə prosesi üzrə nəzarət edəcək.

Lisenziyası ləğv olunan bank: "Müştərilər vəsaitlərini istənilən vaxt geri çəkə bilərlər"

"Bankın ləğv edilməsi Pakistan Milli Bankının mərkəzi ofisinin qərarı ilə olub. Bununla bağlı 2 ay danışıqlar aparılsa da, Bankın Bakıdakı Filialının könüllü ləğvedilməsi qərarına gəlinib".

Bu barədə  bu gün lisenziyası ləğv edilən Pakistan Milli Bankının Bakı Filialından məlumat verilib.

Bildirilib ki, Filialın hüquqi şəxslər qarşısında hər hansı öhdəliyi yoxdur, digər müştərilər isə vəsaitlərini istənilən vaxt bankdan çəkə bilərlər. Bankın Bakı Filialının müştərilər qarşısında öhdəliyi hazırda 0,5 milyon manat təşkil edir.

Qeyd edilib ki, Filialın ləğvetmə prosesi bu ilin sonuna kimi yekunlaşacaq.

.