«Facebook»da tanış olduğu kişi tərəfindən zorlanan xanım işgəncələrə məruz qaldığını deyir

Aliyə Mansurova: «Mən onun həyat yoldaşı oldum, amma heç zaman həyat yaşamadım»

Bu gün onun zorlandığı gündən bir il ötür. 2015-ci ilin əvvəlində "Facebook” sosial şəbəkəsində Rüfət Mehdiyevlə tanış olan Aliyə Mansurova həmin ilin mart ayının 29-da həmin şəxs tərəfindən zorlanıb. "Rüfət anamdan icazə alıb, mənimlə metronun "Koroğlu” stansiyasında görüşmək istədiyini bildirdi. Və həmin ünvanda görüşdük. Görüş zamanı mənə "həyətdəki itə yeməyi verməyi unutmuşam” deyib təcili evə getməyimizi bildirdi. Mən etiraz edəndə dil töküb məni razı saldı. Evinə getdik və məni evində zorladı. Ona evə getmək istədiyimi bildirdim. O da "evə getsən mənim üzümü bir də görməyəcəksən” dedi. Bu sözlərimi valideynlərimə də dedi. Biz arzuolunmaz bu halla barışdıq və zorlandığım evdə qaldım. Həmin ev Rüfətin ailəsinə məxsusdur və Zabratda yerləşir. Mən onun həyat yoldaşı oldum. Amma heç zaman həyat yaşamadım. Sonra, nə Rüfətin, nə də mənim valideynlərimin və qohumlarımın iştirakı olmadan Nardaran məsçidində kəbinimiz kəsildi. Toyumuz olmadı. Mən ailənin tək övladıyam. Valideynlərim nişan-toyla ailə qurmağımı arzulayırdılar. Amma... Ailə münasiətimiz iki ay yarım davam etdi. İlk gündəki kimi o mənə işgəncələr verirdi. Bu işgəncələrin səbəbi odur ki, valideynlərimin yaşadığı ev satılsın. Evin dəyəri 65 min manatdır”.

İbadət etdiyini-namaz qıldığını deyən Aliyə Mansurova bildirir ki, Rüfət də ona özünü ibadət əhlindən olduğunu deyib: "Onun mənə yalanları bununla bitməyib. Rüfət mənə demişdi ki, bir dəfə ailəli olub. Sonradan bildim ki, iki dəfə ailəli olub. İşdən də azad olunanda məhkum olunduğunu bildim”.

A.Mansurova deyir ki, Rüfət Mehdiyevlə necə tanış olduğundan da bəhs etdi: "O, "Facebook”-da evlənmək istəməyi ilə bağlı status yazmışdı. Bu statusa rəy yazanlar da Rüfət haqqında arzuolunmaz sözlər yazmışdılar. Mən də rəy bildirdim: "İnsanları tanımadan rəy bildirmək düzgün deyil”. Bu rəydən sonra Rüfət mənə yazdı. Bir neçə gün söhbət etdik. Nömrəmi istədi. Anası ilə tanış etdi. O da mənim anamla tanış oldu”.

A.Mansurova deyir ki, o 27 yaşında, Rüfət isə 35 yaşındadır: "Mən orta təhsilli, o isə ali təhsildir. Mənə fiziki və psixoloji olaraq təzyiqlər göstərirdi. Mən işləyirdim. Ailə qurandan sonra işdən də çıxardı. Telefonumu əlimdən aldı. Valideynlərimlə onun vasitəsi ilə danışırdım. Ona görə də təzyiqlərə məruz qalmağım barəsində bir söz deyə bilmirdim. Hətta əlimi ütü ilə yandırdı, mən şikayət edə bilmirdim.

İyulun 13-də ayrıldıq. Mən özümə qəsd etmək istəyirdim. Valideynlərim məsələdən xəbərdar olan kimi hüquq-mühafizə orqanlarına və hüquq müdafəçisi Mehriban Zeynalovaya müraciət etdilər və məni Rüfətin evindən polisin iştirakı ilə çıxardılar”.

A.Mansurova deyir ki, o hamilə olanda təzyiqlər daha da artıb: "Mən işləyəndə bankdan borc götürmüşdüm. Mənim işləyirdim və aldığım maaşım banka borcumu ödəməyə yetirdi. İşdən çıxarandan sonra borc ödənilməmişdi. 5 min manat borcum var idi. Mənə təzyiq göstərirdi ki, valideynlərim evi satıb borcu ödəsin. Hətta bunun üçün vasitəçiləri gətirib evlə tanış etmişdi. O evimizi ələ keçirmək istəyirdi”.

Səbail rayon məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Bakı şəhər Prokurorluğunda aparılmış istintaq zamanı onun cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2 (aşkar surətdə hamilə vəziyyətində olan qadına əzab vermə), 133.2.6 (işgəncə verilməklə əzab vermə) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələrinə tövsif edilib.

"Mən istintaqın apardığı işdən razıyam. İki müstəntiq işi araşdırır. Novruz bayramından öncə məni prokurorluğa dəvət etmişdilər, getdim. Mənə deyildi ki, Rüfətin ittiham olunduğu maddələrin sayı artıb. Burada da mənə mənlə evlənməmişdən öncə onun məhkum həyat yaşadığı deyildi”,-deyən A.Mansurova bildirir ki, o, anadır: "Qızım 2 aylıqdır. Adını demək istəmirəm. Qızıma öz soyadımı verdim”. Şikayətçinin iddiaları əsasında müvafiq qaydada Baş Prokurorluğa sorğu göndərilib. Bu qurumdan bildirilib ki, araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.(bizimyol.info)
.