Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.

Qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda bu gün Aşuradır.

Səhiyyə Nazirliyi kimlərin qan donoru ola bilməyəcəyini açıqlayıb

"Yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Bundan başqa, donor olmaq istəyənlərdə çəki məhdudiyyəti var. Belə ki, çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova bildirib. Onun sözlərinə görə, donor ən tezi 3 aydan bir təkrar qan verə bilər, çünki qırmızı qan hüceyrəsi olan eritrositin ömrü təxminən 90-120 gündür:

"Qan verməzdən əvvəl yaxşı yatmaq və səhər yeməyi vacib amildir. Qidalanma zamanı şirin çay, kompot, mineral su, mürəbbə, çörək, tərəvəz və meyvə qəbul edilməsi tövsiyə olunur. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir. Bu qaydalara əməl olunması xüsusən trombositlər və ya plazma verərkən daha vacibdir".

Ekspert deyib ki, donor olmaq insanı bəzi xəstəliklərə yoluxma tezliyinin qarşısını ala bilər:

“Aparılan araşdırmalara görə, mütəmadi donor olan şəxslərdə arterial təzyiq, yüksək xolesterin, ürək-damar xəstəliyi, şəkərli diabet, xərçəng xəstəliyi riski az olur. Donorluq qan hüceyrəsi səviyyəsində yenilənmə səbəb olur və qan yaranmanı stimullaşdırır”.

Həkim deyib ki, alınan qanın standart dozası 350-400 ml təşkil edir:

“Prosedur başa çatandan və iynə çıxarılandan sonra qan götürülən yerə tarım çəkilmiş sarğı qoyulur və həmin sarğını 3-4 saatdan sonra çıxarmaq olar. İnsanlar mənfi və müsbət rezus faktoru olanlara bölünür. Əksər ölkələrdə, həmçinin Azərbaycanda, ən çox müsbət rezus-faktoru olan OO (I) və A0, AA(II) qan qruplarına ehtiyac var.

Baxmayaraq ki, B0 Rh (-) və AB Rh(-) az rast gəlinir, məhz az rast gəlindiyinə görə də ehtiyac zamanı cətinlik yaranır. Bir eritrosit kütləsinin maksimum saxlanma müddəti 6 həftədir. Təbii ki, bəzi xəstəliklər zamanı daha tez qan komponentinin köçürülməsi vacib olur. Bu səbəbdən də daimi ehtiyacdır və alınan qandan 42 gün ərzində istifadə edilməlidir”.

Hemqatoloq qeyd edib ki, bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır:

“Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş keçirən anaları, körpə uşaqları, xəsarət alanları və digər xəstələri ölümdən xilas edir.

Donor ola bilməyən şəxslər iki qrupa ayrılır: xronik xəstəliyi olan şəxslər və şəkərli diabet, astma, epilepsiya, qanama diatezi kardiovaskulyar problemi olan, sistemik xəstəliyi olanlar. Eləcə də, infeksion xəstəliyi, hepatit virusu, AİDS-ə yoluxmuş şəxslər donor kimi qəbul olunmurlar.

Bundan əlavə, alkoqol qəbul edənlər, narkotik, psixotrop və digər güclü təsir edən maddələrin istifadəçiləri, həmçinin hamilə və südverən analar da donorluq üçün uyğun deyillər”.

.