Azərbaycanda tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən (GMO) əldə edilmiş məhsul olan yem məhsulları qəbul etmiş heyvanların məhsulları, yəni onların südü, yağı, əti satışa çıxarılanda həmin məhsulların üzərindəki etiketdə bu barədə məlumat olacaq.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Tahir Rzayev deyib ki, bir sıra QHT-lər parlamentdə qəbul ediləcək “Qida təhlükəsizliyi haqqında” qanunda GMO yem məhsulları ilə qidalanmış heyvanların südü, yağı, əti satışa çıxarılan zaman onların etiketində bu barədə məlumat olması tələbinin əksini tapmasını təklif edirlər: “Biz də deyirik ki, hər şey qanunda əksini tapa bilməz. Hər şey qanuna yazılsa, gərək bu qanun 100 səhifə olsun. Ancaq qanun qəbul edilib, qüvvəyə minəndən sonra onun əsasında Əsasnamə qəbul ediləcək. Əsasnaməyə görə, GMO yem məhsulları ilə qidalanmış heyvanların məhsulları mağazada satışa çıxarılan zaman üzərində yazılacaq ki, bu məhsulların geni dəyişdirilməyib, amma bu məhsulun genində müəyyən əlavələr var. Yəni heyvan filan yem məhsulları ilə qidalandırılıb. Alıcı da istəsə, həmin heyvanın məhsullarını alacaq, istəməsə də almayacaq. Bir məqamı deyim. 50 il əvvəl ilin istənilən fəslində çiyələk, pomidor vardı?! İndi istixanalarda bu məhsullar yetişdirilir. İstixanada yetişdirilən pomidorun, çiyələyin keyfiyyəti günəşin altında yetişdirilən pomidor, çiyələk qədər deyil. Yaxud bazara almalar gətirilir, böyük və görünüşcə də yaxşı olur. Bəziləri də deyir ki, tərkibi dəyişdirilib. Tərkibi dəyişdirilməyib, sadəcə, saxlanılması üçün üzərinə müəyyən maddələr çilənir. Amma sən alıcı kimi böyük almanı istəyirsən, bizim balaca, bir az çürüyü olan alma da kənarda qalır. Əslində o balaca alma böyükdən daha keyfiyyətlidir, ondan yeməlidir. Amma alıcı deyirsə ki, yekə almanı, armudu istəyirəm, nə etmək olar?! Alıcı istəyərsə, alar, istəməzsə, almaz. Alıcı bunu ziyanlı hesab edirsə, almasın. Ancaq bu məhsul bazara çıxarılıbsa, sənin də könlün istəyirsə, bunun alınmaması qanunla tənzimlənə bilməz. O halda vətəndaş deyəcək ki, mənim azadlığımı niyə pozursan, almaq istəyirəm”.

Xatırladaq ki, Milli Məclisin aprelin 12-də keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bitkilərin müxtəlif vəhşi heyvanların genindən formalaşmış və çox məhsul verə biləcək toxumları hazırlanır, bu toxumlardan alınan məhsullar da insanlarda aqressivliyin artmasına yol açır.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli isə jurnalistlərə açıqlamasında bildirmişdi ki, qanunda söhbət qida məhsullarından deyil, heyvan və quş yemlərindən gedir. O vurğulamışdı ki, Avropa Qida Təhlükəsizliyi Agentliyi tərkibində GMO olan yemlərlə bəslənən heyvanlardan hazırlanmış məhsulların insanlara heç bir təsiri olmadığını açıqlayıb və Azərbaycanda bu yemlər də izləniləcək.

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə qeydiyyata alındıqdan sonra icazə veriləcək.

.