Azərbaycanın və Moldovanın müvafiq şirkətləri arasında 2016-cı ildə bağlanmış müqaviləyə əsasən 2017-ci ildə Azərbaycandan Moldovaya at əti ixrac edilməsi nəzərdə tutulub.


At kəsimi sexlərində yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkimin nəzarəti altında ayrıca kəsilməsi, soyulması və ətin tədarük olunması və soyuducu kameralara yığılaraq Moldova Respublikasına göndərilməsi nəzərdə tutulur.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Teleqraf.com-a bildirib ki, Azərbaycan və Moldova arasında at ətinin ixracı barədə hələlik yalnız müqavilə bağlanıb: "Bir sıra regionlarda, o cümlədən Gəncə regionunda at kəsimi məntəqəsinin tikilməsi planlaşdırılır. Əvvəlcə məntəqə tikilməlidir və həmin məntəqə soyuducularla təmin olunmalıdır”.


Yolçu Xanvəlinin sözlərinə görə, həmin məntəqələrdə baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərməlidir: "Bundan sonra heyvanlar qəbul olunacaq. Müayinə edildikdən sonra kəsiminə icazə veriləcək. At əti yalnız Moldovaya ixrac olunacaq. Yəni ölkə daxilində bu ətin satılması mümkün deyil. Bütün proseslər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşlarının nəzarəti altında həyata keçiriləcək".


Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycanda müxtəlif rayonlar üzrə yararsız atların kəsimi, daşınması baha başa gələcək: "Ölkədə atlar bir təsərrüfatdan çıxdaş olmayacaq ki, həmin heyvanları kəsib Moldovaya göndərsinlər. Məsələn, müşahidə aparacaqlar ki, hansısa bir rayonda at ölümcül vəziyyətdədir. Həmin at kəsiləcək və ixrac olunacaq. Təxmini hesablayanda hər rayonda 3 gündən bir at çıxdaş ola bilər. Bu, bahalı bir fəaliyyətdir”.


Vahid Məhərrəmovun sözlərinə görə, at əti istehsalı üçün normal şərait olmalıdır: "Məsələn, ətliyə verilməli bir neçə at varsa, onları maşına yığıb daşımaq daha ucuz başa gələr, nəinki bir atı emal müəssisəsinə aparmaq. Atın əti havayı olsa belə, onun daşınması, emalı, ixracı pul aparacaq". 


Ekspert deyir ki, Azərbaycanda 70 min baş at var, bundan böyük gəlir götürməyə ümid etmək olmaz.
 


.