Azərbaycanda 3 ton 131 kiloqram narkotik məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 26-da məhkəmələrin qərarları ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının Sabunçu rayonunda yerləşən “Bakı Neft Maşınqayırma Zavodu”nun inzibati ərazisində məhv edilməsi prosesi keçirilib. Narkotiklərin məhv olunmasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, komissiyanın müxtəlif dövlət orqanlarının əməkdaşlarından təşkil olunan üzvləri, o cümlədən DİN-in və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı DİN tərəfindən ötən dövrlərdə qanunsuz dövriyyədən çıxarılan 3 ton 131 kiloqram müxtəlif xassəli narkotik vasitə, 52 min ədəd psixotrop tərkibli həb, 29 min ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolu məhv etmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib.
Qeyd edək ki, 2023-cü ilin ilk rübündə isə DİN-in əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb.
.