Bu gün saat 13:13-də Azərbaycana yay fəsli daxil olub.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.

Bu gün ən uzun gündüz və ən qısa gecə qeydə alınacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

Yay fəsli sentyabrın 23-dək davam edəcək. 23 sentyabr saat 05:03-də payız fəsli daxil olacaq və payız gecə-gündüz bərabərliyi olacaq. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.

.