2024-cü ilin noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. “Yaşıl Dünya naminə Həmrəylik” çağırışını rəhbər tutaraq, Azərbaycan həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri bir araya gətirmək, birgə öhdəlik və mənəvi vəzifə qismində iqlim çağırışlarını həll etmək məqsədilə əməkdaşlıq ruhunu gücləndirmək istiqamətində səylərini əsirgəməyəcəkdir.
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
Onun sözlərinə görə cari ildə COP29-a ev sahibliyi və sədrlik etmək üçün bizə göstərilən etimad Azərbaycanın iqlim gündəliyinə rəhbərlik etməyə və qlobal iqlim fəaliyyətinə töhfə verməyə hazır olduğunun beynəlxalq ictimaiyyət tərəfindən tanındığını və qəbul edildiyini təsdiq edir. O bildidib ki, başlamaqda olan sədrliyi çərçivəsində Azərbaycan COP29-u şəffaf, qərəzsiz, inklüziv və tərəflərə yönələn yanaşma əsasında həyata keçirəcəyinə sadiqliyini bir daha bəyan edir.
“Biz bu il iqlim maliyyəsi başda olmaqla ambisiyanın genişləndirilməsi və fəaliyyətin artırılmasına xidmət edən iki paralel sütuna əsaslanan baxışımızı təqdim etmişik. Bu sütunlar bir-birini qarşılıqlı şəkildə gücləndirir, bir sütun üzrə tərəqqi o biri sütuna güclü dəstək siqnalı göndərir. COP29 sədrliyi kimi əsas gözləntimiz iqlim maliyyəsi üzrə ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılmasıdır. Bu, Paris Sazişinin qəbulundan sonra ilk böyük iqlim maliyyəsi hədəfi olacaq və biz razılaşma əldə etmək naminə tərəflərə dəstək olmaq üçün yorulmadan çalışırıq.”, - deyə o bildirib.
Diplomat COP29 sədrliyinin problemin təcililiyinə və miqyasına adekvat olan, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alan ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılmasının Tərəflərin Paris Sazişinə və qarşıdakı illərdə iqlim fəaliyyətinə sadiqliyi üçün son sınaq olduğunu açıq şəkildə bəyan edib.
O bildirib ki, biz Yeni Kollektiv Kəmiyyət Məqsədi üzərində konstruktiv işləməyə davam etməliyik və COP29-da prosesi uğurlu nəticəyə yönəltməliyik.
“COP29 sədrliyi bu il həmçinin karbon bazarları üzrə nəticəyə nail olmaq üçün Tərəflərlə işləyir. Tam işlək karbon bazarları Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin səmərəli şəkildə həyata keçirilməsi və təsirlərin azaldılması üzrə ambisiyaların gücləndirilməsi işində mühüm addım olacaqdır. Bununla yanaşı, biz iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqə, yaşıl enerji zonaları və dəhlizləri, enerji resurslarının saxlanması, iqlim davamlılığının harmoniyası, kənd təsərrüfatı, təmiz hidrogen və üzvi tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və s. mövzuları əhatə edən 14 təşəbbüs irəli sürmüşük.”, - deyə XİN rəhbəri bildirib.
O həmçinin COP29 Fəaliyyət Gündəliyindəki təşəbbüslərdən birinin də iqlim maliyyəsi üçün innovativ mənbə kimi yanacaq istehsal edən ölkələr və şirkətlər tərəfindən könüllü şəkildə dəstəklənməsi gözlənilən İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasından ibarət olduğunu bildirib.
Ceyhun Bayramov COP29-un eyni zamanda, fikir ayrılıqlarının bir kənara qoyulması və qlobal sülhə və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacağını deyib. O bildirib ki, münaqişələr və getdikcə kəskinləşən iqlim böhranı kimi məsələlər arasında əlaqəni nəzərə alaraq, Azərbaycan bir neçə gün əvvəl COP29 naminə Birgə Atəşkəs Çağırışı flaqman təşəbbüsünü elan edib.
Mindən çox qeyri-hökumət təşkilatı, dini liderlər və görkəmli şəxsiyyətlər və bir çox tərəf artıq bu çağırışa qoşulub. Sonda o COP29 ayı ərzində hər kəsi siyasi fikir ayrılıqlarını aşmağa, həmrəy olmağa və Atəşkəsə hörmət etməyə çağırış edib.
.