Azərbaycan-Gürcüstan sərhəd xəttində mübahisəli deyil, razılaşdırılmamış məsələlər var.

Bu barədə "Report"a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə danışıb.

O qeyd edib ki, Azərbaycan-Gürcüstan əlaqələri əsrlər boyu mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində inkişaf edib:

"Qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat, enerji və digər infrastruktur layihələri ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır".

Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə gəldikdə isə A.Hacızadə söyləyib ki, bu olduqca zaman alan məsələdir:

"1996-cı ildən etibarən iki ölkə arasında müvafiq komissiya delimitasiya üzrə iş aparır və indiyə qədər sərhədlərin 2/3 hissəsi razılaşdırılmış hesab olunur. Hesab edirik ki, Azərbaycan-Gürcüstan sərhəd xəttində mübahisəli deyil, razılaşdırılmamış məsələlər vardır. Bu da təbiidir. Çünki sərhəd məsələsi hər bir dövlət üçün vacib, eyni zamanda da mürəkkəb məsələdir. Odur ki, sərhəd xətti elə müəyyən edilməlidir ki, ona bir daha qayıdılmasın. Bu istiqamətdə hazırda işlər davam etdirilir".

.