“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, regionun böyük dövlətidir. Bu cəhətdən biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha aktiv rol oynamasına xüsusi ümid bəsləyirik”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın münaqişənin nizamlanmasına dair mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrə əsaslanır: “Münaqişənin sülh yolu ilə həlli Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması əsasında olmalıdır. Hesab edirik ki, beynəlxalq birlik, eləcə də həmsədr ölkələr substantiv danışıqların davam etdirilməsi baxımından Ermənistanın daha konstruktiv mövqe tutması üçün ona təsir göstərməlidir”. 

“Ermənistan ATƏT-in himayəsi altında aparılan sülh prosesini sarsıtmağa davam edir”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib.

C. Bayramov bildirib ki, Ermənistanın destruktiv mövqeyi bu il iyulun 12-16-da vəziyyətin eskalasiyasına gətirib çıxarıb: “Ermənistan Silahlı Qüvvələri Tovuz istiqamətində həm Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə, həm də mülki evləri zərbələr endirib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin ələ keçirilməsi cəhdi olub. Bu aqressiyanın qurbanları arasında evinin həyətində həlak olmuş 76 yaşlı mülki şəxs də var”.

Nazirin sözlərinə görə, bu akt Ermənistanın müxtəlif məqsədlərlə əvvəldən planlaşdırdığı provokasiyadır: “Ermənistan rəhbərliyi diqqəti pandemiya ilə mübarizədə iflasa uğramış siyasət nəticəsində daha da dərinləşmiş daxili siyasi və sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır. Provokasiyanın Dağlıq Qarabağ münaqişə zonasından uzaqda yerləşən Tovuz rayonunda törədilməsinə də diqqət çəkmək istəyirəm. Bu ərazidən Xəzər hövzəsindən dünya bazarına enerji daşıyıcıları nəql edən neft və qaz kəmərləri keçir”.

C. Bayramov Ermənistanın vəziyyəti gərginləşdirmək üçün hərbi təxribatları davam etdirdiyini də diqqətə çatdırıb: “Belə ki, avqustun 23-də səhər tezdən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu Azərbaycan Ordusunun mövqelərinə hücuma cəhd edib. Hücum dəf edilib, qrupun komandiri əsir götürülüb”.

“Təəssüflə qeyd etməliyəm ki, münaqişənin nizamlanmasında irəliləyiş nəzərə çarpmır. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamağa davam edir”.

Bunu da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, yerli azərbaycanlılar o ərazilərdən didərgin salınıb, onların evlərində isə xaricdən, o cümlədən Yaxın Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır: “Bu isə öz növbəsində beynəlxalq humanitar hüququn, ilk növbədə isə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”.

.