“Bir ildən artıqdır ki, Azərbaycan işğal faktının aradan qaldırılmasını nəzərə alaraq ən yüksək səviyyədə, dövlət başçısı səviyyəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün çağırış edilib”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, 2022-ci ilin fevral ayında Azərbaycan tərəfindən növbəti addım kimi, 5 baza prinsipi qarşı tərəfə təqdim edilib.

“Bundan sonra bu istiqamətdə addımlar atılıb. Aprel ayının 6-da Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə görüş keçirilib. Həmin görüş nəticəsində hər iki ölkənin xarici işlər nazirlərinə sülh sazişi üzərində işlərə başlanılması tapşırığı verilib. Burada önəmli məqam ondan ibarətdir ki, Ermənistan tərəfi Azərbaycan tərəfindən təqdim olunmuş 5 baza prinsipinin məqbul olması ilə bağlı fikir səsləndirib. Eyni zamanda, Brüssel görüşü zamanı bu daha da aydınlaşıb. Azərbaycan tərəfindən təqdim edilən 5 baza prinsipi beynəlxalq hüquq üzərində qurulub, onlar bir qayda olaraq qonşu ölkələr arasında olan münasibətlərin əsasını təşkil edir. Biz bunu çox önəmli addım hesab edirik. Hesab edirik ki, bu istiqamətdə işlərin davam etdirilməsinin əlamətləri mövcuddur”, - XİN başçısı vurğulayıb.

Nazir: “Ararat Mirzoyanla telefon danışığımız peşəkar və konstruktiv məcrada keçdi”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığımız peşəkar və konstruktiv məcrada keçdi.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, erməni həmkarı ilə telefon danışığı zamanı Aİ, Azərbaycan və Ermənistan liderlərinin razılaşmasının davamı olaraq praktiki addımlar müzakirə olunub.

Nazir xatırladıb ki, qarşıda sülh müqaviləsi üzrə, eyni zamanda, sərhədlərin delimitasiya prosesi və humanitar məsələlərlə bağlı çağırışlar durur.

"Həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların formalaşdırılması barədə danışarkən onun formatı, səviyyəsi və uyğunluğu baxımından prinsiplər gözlənilməlidir", - XİN başçısı vurğulayıb.

Ceyhun Bayramov onu da qeyd edib ki, Azərbaycan tərəfi müsbət addımlar atır və qarşı tərəfdən də bunu gözləyir.

.