2022-ci ilin 19-21 oktyabr tarixlərində Bakı şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"nın 6-cı Tərəflər Konfransı keçirilib.
Bu barədə Ekologiyavə Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Konfransda Xəzəryanı ölkələrin - Azərbaycan, İran İslam Respublikası, Qazaxıstan, Rusiya və Türkmənistanın dövlət qurumlarının, həmçinin BMT-nin Ətraf Mühit Proqramının yüksək səviyyəli nümayəndələri iştirak edib.
Qeyd edək ki, 6-cı Tərəflər Konfransı Xəzəryanı dövlətlərin əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verib və bu əməkdaşlığın davam etdirilməsi üçün bir sıra vacib məsələlər, o cümlədən Konvensiya və onun protokolları çərçivəsində fəaliyyət istiqamətləri üzrə ümumi razılaşmalar əldə edilib.
Tədbir iştirakçıları tərəfindən dənizin ətraf mühitinin mühafizəsi və onun təbii ehtiyatlarından səmərəli istifadənin Xəzəryanı ölkələr üçün prioritet məsələ olduğu və bu sahədə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verildiyi bildirilib.