Əli Məsimli: 17 minə yaxın insan təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsildən kənarda qalıb
Milli Məclisin iclasında "Hesablama Palatasının 2015-ci il üzrə hesabatı”nın müzakirəsi zamanı deputat Əli Məsimli deyib ki, Azərbaycan xalqının əskəriyyətinin daşınar və daşınmaz əmlakı banklarda girovdadır. "Bu ciddi problemdir. Aidiyyatı qurumlar bu məsələ üzərində düşünməlidirlər. Ailələri pis vəziyyətdən çıxarmaq lazımdır və bunun qarşısı alınmalıdır. Hesablama Palatası da bununla bağlı təkliflər verə bilər”. O, Hesablama Palatasının fəaliyyətində büdcə vəsaitinin xərclənməsində effektivliyin artırılması məsələsi haqda da danışıb: "Azərbaycan borcları devalvasiyadan əvvəl 10 faiz, devalvasiyadan sonra 20 faizə qalxıb. Bu təhlükəli hədd olmasa da, ölkəmiz üçün uyğun deyil. Bizdə heç vaxt xarici borc 10 faizdən çox olmayıb”.
Deputat deyib ki, 17 minə yaxın insan təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsildən kənarda qalıb. "Bu, o deməkdir ki, kasıb təbəqə ali təhsildən kənarda qalır. Biz bunu pisləyirik. Bu mə insanlığa, nə də Konstitusiyaya uyğun gəlir. Təklif edirik ki, hazırladığımız "Təhsil krediti haqqında” qanun tezliklə qəbul edilsin”.
