Azərbaycan və Türkiyənin tarixi birliyi gələcək nəsillərə miras olaraq qalacaq.

Bunu bu gün Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunan tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı deyib.

Səfir qeyd edib ki, qardaş ölkələr arasında münasibətlərin dərin tarixi olduğu üçün, bunu 30 ilə sığışdırmaq olmaz.

"Türkiyə və Azərbaycanın sevinci də, kədəri də bir olub. İstər Çanaqqala döyüşündə, istərsə də 1918-ci ildə Bakının işğaldan azad olunmasında biz bu birliyin, qardaşlığın şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaş Azərbaycanın yanında idi. Şuşa Bəyannaməsinin imzalanması qardaş ölkə münasibətlərinin zirvəsi oldu. Tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığını, birliyini və həmrəyliyini təsdiq edən mühüm sənəddir. Səfir vurğulayıb ki, qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras olaraq qalacaq" - deyə səfir bildirib.

“İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan və Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Türkiyə münasibətlərinin qardaşlıq və həmrəylik nümunəsi olduğunu bildirən rektor bu birliyin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Hazırda qardaş ölkələr arasında münasibətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına uyğun inkişaf edir.

Rektor qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin bugünkü səviyyədə inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri də mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi bu münasibətlərin daha bir nümunəsi idi.

Daha sonra Cahit Bağçı tələbələrin və media nümayəndələrinin suallarını cavablandırıb.

.