Növbəti ildən Azərbaycanla Qazaxıstan arasında kağız daşıyıcıda olan icazələrdən tam imtina edilərək yalnız elektron icazə blanklarının mübadiləsi və verilməsi həyata keçiriləcək.

Bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu barədə razılıq Bakıda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə Qazaxıstan Avtomobil Nəqliyyatı və Nəqliyyat Nəzarəti Komitəsi arasında keçirilən beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclasında əldə olunub.

Bu qərar e-permit sisteminin istifadəsi və hazırda aktiv tətbiq olunmasının uğurlu nəticələri nəzərə alınaraq verilib. Bildirilib ki, “İcazə” blanklarının mübadiləsi və verilməsi prosesinin tam elektronlaşdırılması inzibati və əməliyyat çətinliklərini minimuma endirməklə yanaşı, beynəlxalq daşıma proseslərinin daha şəffaf, sürətli və səmərəli təşkilinə mühüm töhfə verəcək.

Dövlət Gömrük Komitəsinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələrinin və milli daşıyıcıların da iştirakı ilə baş tutan görüşdə Azərbaycan və Qazaxıstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının mövcud vəziyyəti və inkişaf perspektivləri də müzakirə olunub. Tərəflər son illərdə yük daşımalarının həcminin artmasından, həmçinin hər iki ölkənin beynəlxalq və tranzit daşımalar sistemində oynadığı mühüm roldan məmnunluqlarını ifadə ediblər.

Cari il üzrə beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə ikitərəfli, tranzit və üçüncü ölkəyə/ölkədən daşımalar üzrə hər biri üçün 2 000 olmaqla ümumilikdə 6 000 elektron icazə blankının əlavə olaraq qarşılıqlı mübadiləsi barədə qərar qəbul edilib.

Bununla yanaşı, 2027-ci il üzrə icazə blanklarının ilkin kvotası ikitərəfli daşımalar üçün 12 000, tranzit daşımalar üçün 8 000, üçüncü ölkəyə/ölkədən daşımalar üçün isə 8 000 ədəd olmaqla ümumilikdə 28 000 icazə blankı səviyyəsində müəyyənləşdirilib.

Beləliklə, iki ölkə arasında beynəlxalq yük daşımaları üçün qarşılıqlı mübadilə olunan icazə blanklarının ümumi kvotası əvvəlki dövrlə müqayisədə 12 000 vahid artırılıb. Tərəflər cari və növbəti illərdə daşıyıcıların icazə blanklarına olan tələbatının tam şəkildə qarşılanacağına əminliklərini ifadə edib.

.