Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Macarıstan Mərkəzi Bankı (MMB) arasında Anlaşma Memorandumu imzalanıb.

Bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, imzalanma Bakıda keçirilən "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası"nın ikinci toplantısı çərçivəsində baş tutub.

"Toplantı çərçivəsində MMB-nin sədri Mixali Varqa ilə rəhbərlik etdiyimiz qurumlar arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzaladıq. Memorandum çərçivəsində, monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində qarşılıqlı məlumat mübadilələri aparılacaq. Görüşlər, seminarlar, təcrübə mübadilələri, təlim proqramları və işgüzar səfərlər vasitəsilə texniki əməkdaşlıq dərinləşdiriləcək", - deyə sədr qeyd edib.

.