Bu gün prezident İlham Əliyevin Azərbaycanda işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.
Əfqanıstan prezidentini prezident İlham Əliyev qarşılayıb.
Prezidentlər birgə foto çəkdiriblər.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən "Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib.
Bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.
Azərbaycan prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə də görüşü olub.
"Bu, Sizin ölkəmizə artıq üçüncü səfərinizdir. Eyni zamanda, bizim bir çox beynəlxalq tədbirlər zamanı görüşmək imkanımız olub. Çox yaxşı şəxsi münasibətlərimiz qurulub. Həmçinin ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir.
Əvvəlcə, mən Sizi və hökumətinizi ölkənizdə inkişaf sahəsində əldə etdiyiniz nailiyyətlərə görə təbrik etmək istərdim. Yanaşmanız Əfqanıstan üçün islahatların yaxşı sürətlə getməsini mümkün etdi. Şadam ki, əməkdaşlığımızın bir hissəsi islahatlarla, xüsusən də dövlət sektoru və digər sahələrlə bağlıdır".
Bunu Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə geniş tərkibdə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Əfqanıstan dost və tərəfdaş ölkələrdir.
"Çox güclü siyasi münasibətlərimiz var. Bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. İqtisadi və ticari sahələrdə böyük potensial mövcuddur. Bunları Sizinlə artıq müzakirə etdik. Onların sırasında daşımalar və enerji sahələri var. Mən ikitərəfli iqtisadi fəaliyyət sahəsində çox sıx çalışmaq üçün aidiyyəti rəsmi şəxslərə müvafiq göstərişlər vermişəm", - deyə prezident İlham Əliyev bildirib.
"NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, Siz öz hava dəhlizinizi açdınız”.
Bunu isə Bakıda səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni geniş tərkibli görüşdə deyib.
"Cənab Prezident, Bakıya gəlməyimiz məmnunluğa çevrilib. Buraya səfərimi, eləcə də mümkün olan təqdirdə hər bir beynəlxalq tədbirdə Sizinlə görüşməyi səmimiyyətlə arzulayırdım. Əvvəlcə, böyük nailiyyətlərlə bağlı Sizi bir daha təbrik etmək istərdim. İcazə verin, illər boyu verdiyiniz dəstəyə görə Əfqanıstan xalqı adından Sizə bir daha minnətdarlığımı bildirim. NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, Siz öz hava dəhlizinizi açdınız. Bakının gözəlləşdirilməsinə, onun yüklərin sürətli çatdırılma mərkəzinə çevrilməsinə böyük həcmdə resurslar ayırdınız. İndi isə artıq Lapis-Lazuli sazişi imzalanıb. Fikrimcə, aramızda səmimi şəxsi münasibətlər, o cümlədən ölkələrimiz arasında yaxşı gələcəyi olan əlaqələr qurulub. İcazə verin, öz mülahizələrimi bildirim. Sonra isə, göstərişlərimiz əsasında həmkarlarımız işləyə bilərlər. Əvvəlcə, Sizin təcrübənizdən öyrənməyi çox arzulayırıq. Rabitə Nazirliyimiz hazırda "ASAN xidmət”i ölkəmizdə həyata keçirir”, - deyə o vurğulayıb.
