Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanğıcında Azərbaycan Hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb.

Bəyannamənin imzalanma mərasimində Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri və COP29-un Prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, yüksək səviyyəli dövlət rəsmiləri, həmçinin Azərbaycanın uşaqları və gəncləri iştirak ediblər.

UNICEF Azərbaycan hökumətinin bu bəyannaməni imzalamaqla götürdüyü öhdəliyi alqışlayıb.

Bu bəyannamə inklüziv, həmçinin, uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir.

İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyarda yaxın uşaq – yəni dünyanın uşaq əhalisinin yarısı – iqlim dəyişmələri və çirklənmənin təsirlərindən "son dərəcə yüksək risk" altında olan 33 ölkədən birində yaşayır.

Muxtar Babayev bu gün Azərbaycanın uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqliyini bir daha təsdiq etdiyini vurğulayıb: “Biz hər kəsi iqlim fəaliyyətlərinin uşaqlar və gənclər üçün daha davamlı bir gələcək yaratmağa necə töhfə verəcəyini düşünməyə çağırırıq."

UNICEF-in icraçı direktoru Ketrin Rassell əlavə edib ki, uşaqları iqlim dəyişmələri üzrə siyasətlərin mərkəzinə yerləşdirməyimiz və iqlim dəyişmələrinin təsirlərindən onları qorumaq üçün həll yollarına sərmayə yatırmağımız vacibdir: “Azərbaycanın bu bəyannaməni imzalaması uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır”.

UNICEF digər ölkələri də bu bəyannaməni imzalamağa və uşaqları iqlim dəyişmələrinin pisləşən təsirlərindən qorumaq üçün öhdəlik götürməyə çağırır.

Bəyannamənin icrasını dəstəkləmək üçün UNICEF hökumətlər və tərəfdaşlarla birgə uşaqlar üçün vacib olan təhsil, sosial müdafiə və səhiyyə kimi mövcud sistemləri uyğunlaşdırmaq və gücləndirmək üzərində çalışır. Məqsəd bu xidmətləri iqlim dəyişmələrinə davamlı və təsirlərə cavab verə bilən etməkdir.

.