30 aprel – 1 may tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Fransanın Paris şəhərində səfərdə olub.
XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində nazir müavini Yalçın Rəfiyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolun dəvəti ilə Beynəlxalq Enerji Agentliyi və COP31 sədrliyinin birgə təşkil etdiyi “BEA–COP31: yüksək səviyyəli enerji keçidi” adlı tədbirin açılış sessiyasında əsas natiqlərdən biri qismində çıxış edib.
Yalçın Rəfiyev çıxışında COP29-un enerji sahəsindəki təşəbbüsləri, COP31-ə hazırlıq prosesi, iqlim dəyişiklikləri ilə bağlı mövcud qlobal çağırışlar barədə məlumat verib.
Səfər çərçivəsində həmçinin UNESCO-da Azərbaycan Respublikasının Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə 25 aprel - Kiçik ada inkişaf etməkdə olan dövlətlərinin(SIDS) Beynəlxalq gününə həsr olunmuş işgüzar tədbir keçirilib.
Yalçın Rəfiyev tədbirdə çıxış edərək Azərbaycan ilə SIDS arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə edib Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmiz tərəfindən kiçik ada dövlətlərinə xüsusi diqqətin, inkişaf üçün beynəlxalq yardım sahəsində davamlı dəstəyin göstərildiyini vurğulayıb. Bu əməkdaşlığın yeni bir istiqaməti olaraq SIDS ölkələrinin mədəni irsinin UNESCO-da siyahıya alınmasına Azərbaycanın siyasi və texniki dəstək verməyə hazır olduğunu bildirib.
Tədbirdə iştirak edən SIDS ölkələrinin UNESCO nəzdində daimi nümayəndələri Azərbaycanın uğurlu sədrliyi altında COP29-da qəbul edilmiş tarixi qərarların ilk növbədə məhz iqlim dəyişmələrinə həssas olan bu ölkələr üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, ölkəmizə bu sahədə göstərdiyi dəstək üçün təşəkkürlərini ifadə ediblər.
Çıxış edənlər eyni zamanda iqlim çağırışlarının SIDS ölkələrinin mədəni irsi üçün yaratdığı təhlükəni və bu sahədə ölkələrinin üzləşdikləri çətinlikləri xüsusi vurğulayaraq, Azərbaycan tərəfindən belə bir innovativ təklifin irəli sürülməsini olduqca müsbət qarşılayıb və təşəbbüsə dəstəklərini ifadə ediblər.
Tədbirdə sözügedən istiqamətdə mövcud çağırışların həllinə yönəlmiş, Azərbaycan, UNESCO və 39 dövləti əhatə edən SIDS qrupu tərəfindən birgə icra olunacaq proqramın hazırlanması və həyata keçirilməsi haqqında razılıq əldə olunub.
Səfər çərçivəsində Yalçın Rəfiyev həmçinin Türkiyənin COP31 sədrliyinin rəhbər heyəti ilə görüşüb, Antalya şəhərində baş tutacaq COP31-ə hazırlıq məsələləri müzakirə edilib.
