Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri BTC-nin mühafizəsini nəzərdə tutan hərbi təlimdə iştirak ediblər.

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Strateji Kəmərlərin Mühafizəsi Departamentinin əməkdaşları Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin “ETERNITY 2022" komanda-qərargah təlimində iştirak edib.

Məlumatı Gürcüstan DİN yayıb. Bildirilib ki, təlimin məqsədi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Gürcüstan, Türkiyə və Azərbaycanın hərbi qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq olub.

Qeyd olunub ki, Strateji Kəmərlərin Mühafizəsi Departamentinin əməkdaşları təlimlərin həm kompüter dəstəkli, həm də sahə komponentlərini icra ediblər. Təlimə qurumun Sürətli Reaksiya Bölməsinin əməkdaşları da cəlb ediliblər.

Məlumata görə, təlimin ssenarisi böhran vəziyyətində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mühafizəsinin təşkil edilməsini nəzərdə tutan sülhməramlı əməliyyatın həyata keçirilməsinə əsaslanıb. Vurğulanıb ki, tapşırıq uğurla icra edilib və iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.

.