Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrilib.

Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, Azərbaycan Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Turizm və Menecment Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Universitetin yeni Nizamnaməsi də təsdiqlənib.

Nizamnaməyə əsasən, Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Universitet “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Universitetin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

- magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

- doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

- orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

- elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.

Universitetin nizamnamə fondu 11 488 507,76 (on bir milyon dörd yüz səksən səkkiz min beş yüz yeddi manat yetmiş altı qəpik) manatdır.

.