Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar sahəsində ABŞ şirkətləri ilə əməkdaşlığı genişləndirməyi hədəfləyir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun yekunlarına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev fevral ayında “Oracle Corporation” şirkətinin baş direktoru ilə görüş keçirib və həmin müzakirələr nəticəsində süni intellekt və digər texnoloji istiqamətlər üzrə birgə imkanları əks etdirən anlaşma memorandumunun hazırlanması prosesi başlayıb.

Nazir qeyd edib ki, dünən SOCAR ABŞ-ın bu sahədə fəaliyyət göstərən digər bir korporasiyası ilə də tərəfdaşlıq sazişi imzalayıb. Bununla yanaşı, o vurğulayıb ki, əməkdaşlıq yalnız mövcud layihələrlə məhdudlaşmır.

“Bu, təkcə konkret layihələr deyil. Buraya tənzimləyici mühitdən tutmuş texnologiyaların tətbiq sahələrinə qədər geniş spektr daxildir”, – o bildirib.

Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycan texnoloji inkişafın sürətlə getdiyi bir dövrdə ABŞ-ın aparıcı texnologiya şirkətləri və “hyperscaler” platformaları ilə əməkdaşlıq edərək ölkədə innovasiya ekosistemi formalaşdırmaq niyyətindədir.

O əlavə edib ki, hazırda Azərbaycanın dövlət qurumları və özəl sektoru ABŞ-ın iri texnologiya və bulud xidmətləri şirkətləri ilə danışıqlar aparır və layihələrin detalları yekunlaşdıqdan sonra ictimaiyyətə açıqlanacaq: “Bizim əsas məqsədimiz yeni texnologiyaların qabaqcıl istifadəçilərindən birinə çevrilmək, iqtisadi və sosial inkişaf naminə bu texnologiyalara çıxış əldə etməkdir”.

Azərbaycanın portfel investisiyalarının əhəmiyyətli hissəsi ABŞ-ın səhm bazarında cəmlənib

Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlıq genişlənməkdə davam edir və ölkənin portfel investisiyalarının əhəmiyyətli hissəsi ABŞ kapital və səhm bazarlarında cəmlənib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun yekunlarına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, dünən “Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan sənədlər arasında Azərbaycan şirkətlərinin ABŞ bazarlarına birbaşa investisiyalarını nəzərdə tutan layihələr də yer alıb.

Bu sahənin gələcəkdə daha da inkişaf edəcəyi vurğulanıb. Nazir əlavə edib ki, tərəflər ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi və daha inklüziv mexanizmlərin yaradılması istiqamətində də çalışırlar. Bununla yanaşı, süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq əsas prioritetlərdən biri kimi qiymətləndirilir.

Mikayıl Cabbarov bildirib ki, süni intellekt yalnız iqtisadi inkişaf deyil, həm də sosial həyat üçün böyük təsirə malik sahədir.

ABŞ-ın bu istiqamətdə qabaqcıl texnologiya və bilik bazasına sahib olduğunu deyən nazir Azərbaycan üçün bu əməkdaşlığın böyük imkanlar yaratdığını vurğulayıb.

O, Azərbaycanın güclü infrastruktur bazası, enerji imkanları, daxili və regional tələbat potensialını da qeyd edib.

Nazir əlavə edib ki, ölkə yalnız infrastruktur layihələri ilə deyil, həm də insan kapitalının inkişafı, innovasiya və iqtisadi məhsuldarlığın artırılması istiqamətində öz ekosistemini formalaşdırmaqda maraqlıdır.

.