Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Raşid Alimov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında Azərbaycana ŞƏT-də rəsmi tərəfdaş statusunun verilməsi ilə bağlı memorandum imzalanıb.
Yenizaman.az-ın RIA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, imzalanma mərasimi təşkilatın Pekindəki baş qərargahında baş tutub.E. Məmmədyarov deyib ki, imzalanan sənəd vacib və maraqlı tərəfdaşla dialoqa başlamağa imkan yaradır. R. Alimov isə bildirib ki, dialoq üzrə tərəfdaş statusu Azərbaycana təşkilatın çoxplanlı və çoxtərəfli fəaliyyətinə qoşulmağa imkan verəcək.
Xatırladaq ki, Azərbaycan, habelə Ermənistan, Nepal və Şri Lankaya dialoq üzrə tərəfaş statusunun verilməsi ilə bağlı qərar ötən ilin iyulunda Ufada qəbul edilib.
Qeyd edək ki, ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi statusu alan ölkələr isə Belarus, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstandır. Təşkilatın 2016-cı ildə sammiti 23-24 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.
.