SOCAR və Rusiyanın "Qazprom” şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib.
"Qazprom” şirkətinin verdiyi məlumata görə, müqavilə noyabrın 21-də imzalanıb. Təbii qazın tədarükü artıq noyabrın 22-də başlayacaq.
Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiya qazı alacaq.
Xatırladaq ki, bu ilin iyul ayında Sankt-Peterburqda SOCAR prezidenti Rövnəq Abdullayev və Rusiyanın "Qazprom” şirkətinin rəhbəri Aleksey Miller arasında görüş keçirilib. Görüşdə Rusiyadan Azərbaycana qaz ixracı müzakirə edilib.
Qeyd edək ki, "Qazprom” 2000-2006-cı illərdə Azərbaycana qaz ixrac edib, "Şahdəniz” yatağının istismara başlanmasından sonra Rusiyadan qaz ixracı dayandırılıb.
"SOCAR-ın və Azərbaycanın böyük qaz anbarı potensialı mövcuddur. Həmin potensialdan istifadə etmək məqsədilə xarici ölkələrdən, o cümlədən də Rusiyadan qaz alınır”.
Bunu "APA-Economics”ə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov SOCAR-ın Rusiyanın "Qazprom” şirkətindən 1,6 mlrd. kubmetr həcmində qaz alması ilə bağlı əldə olunmuş razılığa aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bu anbarlar xaricdən müxtəlif həcmlərdə qaz almağa imkan verir: "Bu qaz həcmləri sonradan zəruriyyətə və ehtiyaca görə istifadə olunacaq”.
SOCAR rəsmisi bildirib ki, alınan qaz xarici bazara da ixrac edilə, daxili bazarda emal və sair məsələlər üçün də istifadə oluna bilər.
