Bakıda Azərbaycan, Rusiya və İranı birləşdirən Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə əlaqədar geniş müzakirə apardıq.

Bunu Baş nazirin müavini Şahin Mustafayev deyib.

Şahin Mustafayev bildirib ki, bu sahədə Rusiya və İran arasında 2023-cü ildə müvafiq saziş imzalanıb: “Şimal-Cənub Nəqliyyat Dəhlizinin vacib komponenti olan Rəşt-Astara dəmiryolunun tikintisi barədə razılaşma əldə olunub. Eyni zamanda 2024-cü ilin dekabrında Azərbaycan və Rusiya hökumətləri Şimal-Cənub Nəqliyyat Dəhlizinin təşviqi üzrə saziş imzalayıb. Bu sazişə əsasən, 2028-ci il yanvarın 1-dək Azərbaycan və Rusiya ildə 5 milyon ton yükdaşımaların təmin edilməsi üçün zəruri tədbirlər görəcək. İkinci mərhələdə İranda dəmir yolları hazır olduqdan və Rusiyada da müvafiq işlər görüləndən sonra Azərbaycan da öz ərazisində zəruri tədbirlər görəcək və bu yükdaşımaların həcmi 15 milyon tona çatacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizinin vacib komponenti olan və bu gün birgə baxış keçirdiyimiz Cənub Yük terminalında bu ilin sonunadək əsas işlər başa çatdırılmaq üzrədir. Terminalın yükburaxma qabiliyyəti 5 milyon tona qədər genişləndiriləcək. Bu işlər başa çatandan sonra artıq Şimal-Cənub Nəqliyyat Dəhlizi dəmir yolu ilə Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzini birləşdirəcək. Eyni zamanda Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas komponentlərindən biri də avtomobillərlə daşımanın təşkilidir. Bu gün biz Azərbaycanı İranla birləşdirən yeni avtomobil körpüsünə də baxış keçirdik, orada işlər əsasən başa çatır. Azərbaycan tərəfində bu işlər başa çatıb, İran tərəfində də bu işlər 5-6 aya başa çatdırılandan sonra bu körpünün və sərhəd-keçid məntəqəsinin buraxılış qabiliyyəti dəfələrlə artacaq. Gündə 500 maşının Azərbaycan, 500 maşının İran istiqamətinə keçidi təmin olunacaq. Bununla da Astara şəhərində yaranan tıxaclara son qoyulacaq. Beləliklə, biz Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə 15 milyon ton yükün daşınmasından danışırıq. Üç tərəf qərara gəldi ki, bu həcmlərin təmin olunması üçün Fəaliyyət Planının hazırlanması məqsədi ilə müvafiq İşçi Qrup yaradılsın. O İşçi Qrupa tapşırıq veriləcək ki, 3 ay ərzində müvafiq tədbirlərdən ibarət Fəaliyyət Planı təqdim etsin, biz də baxaq və sonra təsdiq üçün dövlət başçılarına təqdim edək. Razılığa gəldik ki, avtomobil daşıyıcıları sahəsində mövcud məsələlərin müzakirəsi üçün ikinci İşçi Qrup da yaradaq. İkinci İşçi Qrup avtomobil daşımaları sahəsində mövcud suallara cavab vermək üçün tədbirlər hazırlasın və bizə təqdim etsin”.

Baş nazirin müavini nəzərə çatdırıb ki, dünən Bakıda üç ölkənin gömrük qurumlarının rəhbərlərinin müavinləri səviyyəsində əvvəllər yaradılan gömrük sahəsində İşçi Qrupun iş qaydaları təsdiq olunub: “Bu da çox vacib sənəddir. Eyni zamanda Azərbaycanın 2020-ci ildə Qələbəsi sayəsində torpaqlarımızın azad olunması nəticəsində Azərbaycan ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən avtomobil yolunun layihəsi istiqamətində müzakirə apardıq”.

.