Formula 1 üzrə 2018-ci il Azərbaycan Qran Prisi zamanı keçiriləcək konsertlərin yeri dəyişdirilib. "Report"un məlumatına görə, bu barədə "Sportbox.ru"ya müsahibəsində Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov bildirib.
O deyib ki, konsert Dənizkənarı Bulvarda yox, 2012-ci il "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsinin təşkil edildiyi "Baku Crystal Hall"da olacaq. Rəhimov bu məqsədlə Formula 1 trasından xüsusi şatlların ayrılacağını diqqətə çatdırıb. Promouter konsetdə xarici estrada ulduzlarının iştirakının planlaşdırıldığını və hazırda onlarla danışıqların aparıldığını vurğulayıb.
Rəhimov Azərbaycan Qran Prisinin əvvəlki illərlə müqayisədə iyunda deyil, apreldə keçirilməsinin üstünlüklərindən də danışıb: "Çoxlu sayda azarkeşin məhz Rusiyadan gələcəyini nəzərə alaraq, 2018-ci il dünya çempionatı ilə Azərbaycan Qran Prisinin keçiriləcəyi tarixlərin kəsişməməsi çox müsbət məqamdır. Apreldə Bakıdakı hava şəraitinin necə olacağını isə əvvəlcədən bilmək olmur. Habelə, o da vacibdir ki, Qran Pri Ramazan ayında olmayacaq. Bu səbəbdən, ərəb ölkələrindən böyük azarkeş axını gözləyirik".

Biletlərin artıq satışa çıxarıldığını deyən Rəhimov ilk alıcının Rusiyadan olduğu, ikinci yerdə isə Böyük Britaniyanın getdiyini söyləyib. O, Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardonun "Qarabağ"ın bazasını ziyarət etməsinə də toxunub: "Qarabağ" ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Onlar bizim ulduzlarımızdır. Komandamıza inanır və azarkeşlik edirik. Bu səbəbdən, Rikkardonun Çempionlar Liqasının iştirakçısı ilə görüşü çox aktual idi. Komandamızın məşqi onun özünün də çox xoşuna gəldi".
Qeyd edək ki, növbəti Azərbaycan Qran Prisi 2018-ci il 27 - 29 apreldə Bakının mərkəzi küçələrində, dünya çempionatı isə 14 iyun - 15 iyulda Rusiyada təşkil olunacaq.
.
