Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla 25.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə (rüşvət alma külli miqdarda törədildikdə) cinayət işi başlanıb.

Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış ilkin istintaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin sədri İsmayılov Xanlar Xeyrulla oğlunun 2012-ci ildən işlədiyi müddət ərzində ünvanlı sosial yardım almaları üçün qanunvericiliklə müəyyən edilmiş tələbin - rəsmi iş yerinin olmasının təmin edilməsi ilə əlaqədar ona müraciət etmiş müxtəlif şəxslərin adlarını işçi kimi rəsmiləşdirmək müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, həmin əmək haqqı kartlarına daxil olan vəsaiti hər ay nağdlaşdıraraq, külli miqdarda pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət törətmiş şəxslərin dairəsinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

.