Azərbaycan Respublikası Prezidentinin xüsusi  nümayəndəliyinin fəaliyyət istiqamətləri açıqlanıb.

Bu barədə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”də  qeyd edilib.

Əsasnamədə vurğulanıb ki, xüsusi nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək;

2.1.2. müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək;

2.1.3. müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək;

2.1.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

Prezidentin xüsusi nümayəndəliklərinin hüquq və vəzifələri məlum olub

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin vəzifə və hüquqları açıqlanıb.

Bu barədə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”də qeyd edilib.

Əsasnaməyə əsasən, xüsusi nümayəndəliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin, digər təşkilatların müvafiq ərazidə əlaqələndirilmiş fəaliyyətini təmin etmək;

3.1.2. müvafiq ərazi üzrə əhalinin yaşayış yerlərinə qayıtması və məskunlaşması üçün zəruri təhlükəsizlik, iqtisadi, sosial, kommunal və digər tədbirlər planları layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq olunmuş planların icrasına nəzarət etmək;

3.1.3. müvafiq ərazidə əhalinin rifahının yaxşılaşdırılmasına nail olunması üçün müvafiq dövlət proqramları layihələrinin hazırlanmasında və təsdiq edilmiş proqramların icrasına nəzarətdə iştirak etmək;

3.1.4. müvafiq ərazidə mülkiyyətin, o cümlədən dövlət əmlakının mühafizəsi istiqamətində tədbirlər görülməsini təşkil etmək və onların icrasına nəzarət etmək;

3.1.5. müvafiq ərazidə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılmasının təşkilinə nəzarət etmək;

3.1.6. müvafiq ərazidə mülkiyyətə, o cümlədən dövlət əmlakına zərər vurulmasının qarşısının alınması, vurulmuş zərər ilə əlaqədar əvvəlki vəziyyətin bərpası, zərərin əvəzinin ödənilməsi və digər tədbirlər barədə dövlət orqanları (qurumları) qarşısında məsələ qaldırmaq;

3.1.7. müvafiq ərazi hüdudlarında dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya istifadəyə, icarəyə verilməsinin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların səmərəli istifadəsi və mühafizəsi üçün zəruri tədbir görülməsi ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları), bələdiyyə qarşısında məsələ qaldırmaq;

3.1.8. müvafiq ərazidə kənd təsərrüfatı üçün yararlı torpaqların və onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, heyvandarlıq məqsədləri üçün saxlanılan heyvanların uçotunun aparılması, saxlanılması, mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi işlərinə nəzarət etmək;

3.1.9. müvafiq ərazidə ayrı-ayrı əşyaların mülki dövriyyədən çıxarılması və ya onların mülki dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı məsələ qaldırmaq;

3.1.10. sahibkarlıq fəaliyyəti subyektlərinin müvafiq ərazidə həyata keçirdikləri və ya təqdim etdikləri biznes layihələrinin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq və müvafiq tədbirlər görmək;

3.1.11. müvafiq ərazidə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət siyasətinin effektiv həyata keçirilməsində iştirak etmək, habelə yerli səviyyədə şəhərsalma nəzarətini təşkil etmək;

3.1.12. müvafiq ərazidə milli memarlıq ənənələrinin qorunub saxlanılmasına, tarixi və təbii landşaftın qorunmasına, inkişaf etdirilməsinə, memarlıq üslubuna riayət edilməsinin təmin olunmasına, landşaft və ya məkan görünüşündən səmərəli istifadə ilə bağlı tələblərin yerinə yetirilməsinə nəzarət etmək;

3.1.13. müvafiq ərazidə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılmasına və mühafizəsinə nəzarət etmək;

3.1.14. müvafiq ərazidə tikinti layihələrinin, tikinti, tikinti-quraşdırma, bərpa, yenidənqurma, abadlaşdırma və digər bu kimi işlərin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq və müvafiq tədbirlər görmək;

3.1.15. müvafiq ərazidə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi işlərini təşkil etmək;

3.1.16. müvafiq ərazidə təxirəsalınmaz tibbi yardımla təminedilmə və digər zəruri təxirəsalınmaz tibb xidmətlərinin göstərilməsi vəziyyətini qiymətləndirmək və bu barədə aidiyyəti üzrə məlumat vermək;

3.1.17. müvafiq ərazidə istehsalat və məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi işini təşkil etmək, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlər görmək, tullantılarla davranma qaydaları barədə məlumatlandırılmanı təmin etmək;

3.1.18. müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı, mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

3.1.19. müvafiq ərazidə zəruri rabitə şəbəkəsinin qurulmasına, dövlət orqanları (qurumları) əməkdaşlarının xüsusi rabitə ilə təmin olunmasına nəzarət etmək;

3.1.20. müvafiq ərazi üzrə ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunmasının təmin edilməsinə, mühüm obyektlərin təhlükəsizliyinin təmini üçün tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;

3.1.21. müvafiq ərazidə hərəkət rejiminin tənzimlənməsi işini təşkil etmək, bu sahədə əlaqələndirməni həyata keçirmək;

3.1.22. zərurət olduqda, müvafiq əraziyə giriş-çıxışın xüsusi rejimini müəyyənləşdirmək və həmin rejimin tətbiqini müvafiq ərazinin komendantı vasitəsilə təmin etmək;

3.1.23. müvafiq ərazidə minatəmizləmə və minaların zərərsizləşdirilməsi işlərinin aparılmasına nəzarət etmək;

3.1.24. müvafiq ərazidə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsinin aparılmasını, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasını və müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil etmək;

3.1.25. Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi qərarların dövlət orqanları (qurumları) tərəfindən müvafiq ərazidə həyata keçirilməsi vəziyyətini qiymətləndirmək və bununla bağlı aidiyyəti üzrə məlumat vermək;

3.1.26. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin həvalə etdiyi digər vəzifələri həyata keçirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün xüsusi nümayəndəliyin hüquqları aşağıdakılardır:

3.2.1. xüsusi nümayəndəliyə həvalə edilmiş vəzifələrin icrası ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) qarşısında məsələ qaldırmaq;

3.2.2. müvafiq ərazi ilə bağlı normativ hüquqi aktların, dövlət proqramlarının və digər bu kimi sənədlərin layihələrinə dair təkliflər vermək;

3.2.3. təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları aidiyyəti üzrə təqdim etmək;

3.2.4. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.5. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək;

3.2.6. qanunvericilikdə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.

Prezidentinin xüsusi nümayəndəliyinin fəaliyyətinin təşkili qaydası müəyyənləşib

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin fəaliyyətinin təşkili qaydası açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”də  qeyd edilib.

Əsasnaməyə əsasən, xüsusi nümayəndəliyin strukturunu və ştat vahidlərinin sayını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

Xüsusi nümayəndəliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidə xüsusi nümayəndəsi rəhbərlik edir. Xüsusi nümayəndə xüsusi nümayəndəliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

Xüsusi nümayəndənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini ola bilər. Xüsusi nümayəndənin müavini xüsusi nümayəndənin ona həvalə etdiyi vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyır.

Xüsusi nümayəndə, onun müavini, xüsusi nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşlarıdır.

Xüsusi nümayəndəliyin əməkdaşlarının işə qəbulunu və işdən azad edilməsini, onlar barəsində həvəsləndirmə və intizam tədbirlərinin tətbiqini Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri həyata keçirir.

 

.