“Türkiyə şirkətlərinin iştirakı ilə Şuşa şəhərinə avtomobil yolu çəkildikdən sonra qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşaya gedəcəyik”.
Bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, bu barədə bu gün Türkiyə Prezidenti ilə görüşdə razılığa gəliblər.
İlham Əliyev: "Biz uzun illər davam edən işğala son qoyduq"
“Birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik edirdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür. Türkiyə və onun prezidenti müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edərkən deyib.
“Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli idi, eyni zamanda bütün dünya üçün mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kəs mane olmasın, Azərbaycan haqq davasına çıxıb, Vətən savaşına çıxıb və Türkiyə Azərbaycanın yanındadır. Bu mesaj, əslində, həmrəyliyin təcəssümü idi. Bu, onu göstərdi ki, Azərbaycan öz davasında haqlıdır. Biz tarixi ədaləti bərpa etdik. Biz uzun illər davam edən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik”, - dövlət başçısı bildirib.
Prezident: "Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir"
“Mən hər zaman əziz qardaşımı qarşılayarkən, yaxud qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu, həqiqətdir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatı zamanı söyləyib.
“Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır”, - o qeyd edib.
İlham Əliyev: "Bayraktar" uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı"
“Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənaye məhsullarını Azərbaycana təqdim edəcək. Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik yer tutur”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatı zamanı söyləyib.
“Vətən müharibəsində Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” böyük dəyişikliklərə səbəb olub. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş olduğunu bir daha gördü”, - ölkə başçısı bildirib.
Dövlət başçısı: "Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir"
“Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Dünyanın bir çox ölkəsində Türkiyə haqqı-ədalət qoruyur, müdafiə edir. Məzlum xalqların mənafelərini müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir. Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir - müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir”, - dövlət başçısı qeyd edib.
.
