“Diri Baba” türbəsi unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Diri Baba” türbəsində gedən işlərlə tanış olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, onun ətrafında turizm infrastrukturu yaradılsın. Diri Baba türbəsi öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə ki, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək. Onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir”.

İlham Əliyev : "Basqal qəsəbəsinin tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır"

Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə ki, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın. Bunu da biz təmin etdik.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Basqal qəsəbəsinin inkişafı, tarixi irsinin qorunması ilə bağlı bir neçə il əvvəl xüsusi Sərəncam imzaladığını vurğulayan dövlətimizin başçısı həmin Sərəncam əsasında Dövlət Turizm Agentliyinin burada həyata keçirdiyi işlərin təxminən 50 faizinin başa çatdırıldığını qeyd edib. “Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanları kimi öz simasını bütün dünyaya açacaq. Yəni, həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar indi Lahıca durmadan səfərlər edirlər. Əminəm ki, eyni aqibət Basqal qəsəbəsi üçün də olacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır”, - deyə Prezident İlham Əliyev bildirib.

Prezident İlham Əliyev: "Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Azərbaycan Televiziyasına müsahibəsində Basqal qəsəbəsində 179 otaqdan ibarət “Basqal Resort & Spa” otelinin açılışının bölgədə turizmin inkişafı baxımından önəmindən bəhs edib.

APA xəbər verir ki, “Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək”, - deyən Azərbaycan Prezidenti bildirib ki, belə obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqal otelində 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır.

“Bu gün, eyni zamanda, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına təkan verir. Orada da 200-ə yaxın iş yeri açılıb. Yəni, Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır. Çünki bizim əhalimiz artır. İş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində iş yerlərinin yaradılmasına, iş yerlərinin artırılmasına böyük dəstək olur”, - deyə dövlətimizin başçısı bildirib.
 

.