“Biz uzun illər beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq. Böyük iş aparılmışdır. Və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi”.

Bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Eyni zamanda bizim məqsədyönlü səylərimiz nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu. Bütün dünya gördü ki, Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Eyni zamanda bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz bu illər ərzində güc toplayırdıq. Həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, ölkə daxilində biz iqtisadiyyatımızı gücləndirirdik. Biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir. İldən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə biruzə verirdi”.

Azərbaycan Prezidenti: “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır”

"Azərbaycan 30 ilə yaxın işğal altında yaşayıb. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdur”.

Bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, əslində, Ermənistanın aqressiv, təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlanmışdır: “O vaxt indiki Ermənistan Respublikasında yaşamış yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb. Ancaq Ermənistan rəhbərliyi o vaxt yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu. Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımı törətmişdir. Ondan sonra Şuşa şəhərinin 1992-ci ilin may ayında və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 93-cü ili aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı. Və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu”.

Azərbaycan Prezidenti: “Münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi”

“Biz dünyada gedən prosesləri diqqətlə izləyirik və görürdük ki, son illərdə beynəlxalq hüquq, norma və prinsipləri kobudcasına surətdə pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır”.

Bunu bu gün Bakının Azadlıq Meydanında  keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Ali Baş Komandan deyib ki, belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi: “Bundan əlavə, son illər ərzində, xüsusən son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan rəhbərliyinin çox zərərli və təhlükəli bəyanatları demək olar ki, danışıqlara son qoymuşdu. “Qarabağ Ermənistandır” deməklə, Ermənistan rəhbərliyi danışıqlara son qoymuşdu. Bizim tarixi torpaqlarımızda xaricdən gətirilmiş erməniləri məskunlaşdırmaq hərbi cinayətdir, beynəlxalq konvensiyalara ziddir. Bu, faktiki olaraq danışıqlara son qoyur, danışıqları mənasız edirdi. Biz bunu görürdük, hiss edirdik və öz sözümüzü beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırırdıq. Bu ilin sentyabr ayında - müharibəyə 3 gün qalmış BMT Baş Asssambleyasının kürsüsündən mən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır və Ermənistan dayandırılmalıdır. Belə də oldu. Bu il bizə qarşı 3 dəfə hərbi təxribat törədildi. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və Ermənistan bizim torpaqlarımızı işğal etmək istədi. Amma layiqli cavab aldı və biz onları yerinə oturduq. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi, o diversiya qrupu da zərərsizləşdirildi. Nəhayət, 27 sentyabrda bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalıb, mülki şəxslər və hərbçilər arasında itkilər olub. Biz dedik ki, yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaq. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri, irəli! Torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq!  Belə də oldu. 44 gün ərzində Azərbaycan istədiyinə nail oldu, ədaləti bərpa etdi. Hər gün bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi”.

.