Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drianı qəbul edib.

Görüşdə Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, fransız şirkətlərinin ölkəmizdə uzun illər səmərəli fəaliyyət göstərdikləri, Azərbaycanda nəqliyyat, kosmik sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə bir çox layihələri uğurla icra etdikləri qeyd olunub.

Fransız şirkətlərinin Azərbaycanda fəaliyyətlərindən razılıq hissi keçirdikləri diqqətə çatdırılıb.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd olunub, SOCAR-la TOTAL şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunularaq Bakıda fransız liseyinin fəaliyyətinin bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi qeyd olunub. Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Fransız-Azərbaycan Universitetinin yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın mövqeyi bu münaqişənin tezliklə beynəlxalq hüquq və norma prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllindən ibarətdir.

"Azərbaycan və Fransa arasında mövcud siyasi dialoq intensivdir".

Bunu isə Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan - Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılışında çıxışı zamanı bildirib.

Fransalı nazir deyib ki, iki ölkə arasında münasibətlər çox yaxşıdır: "Müstəqilliyin lap ilkin anlarından Fransa Azərbaycanın yanında olub. UFAZ-ın yaradılmasında göstərilən qətiyyətli təşəbbüsə görə çox şadam. Bu cür layihənin davam etdirilməsində Fransa bundan sonra da səylər göstərəcək. Bu, bizim əməkdaşlığın keyfiyyətinin rəmzidir. Bundan başqa, deyə bilərəm ki, kosmos sahəsində Azərbaycan və Fransa əməkdaşlığının gələcək perspektivləri var".

Jan-İv Lö Drian qeyd edib ki, bu il iyulun sonunda prezident İlham Əliyevin Parisə səfəri gözlənilir: " Bu gün prezident İlham Əliyevlə görüşdə də bunu müzakirə etdik".
Səmimi şəkildə keçən görüşdə Azərbaycan ilə Fransa arasında gələcək çoxşaxəli əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.
.