Çinin Sinxua agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsini dərc edib.

Yenizaman.az "Azərtac”a istinadən həmin müsahibəni təqdim edir.

-Ötən il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 26-cı ildönümü qeyd edilib. Cənab Prezident, Siz Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyətinə dair nə deyə bilərsiniz? Azərbaycanın xarici siyasətində Çinlə bağlı mövqeyi necədir?

-1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çinə səfər etdi və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoydu. Həmin vaxtdan bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Azərbaycan və Çin dost ölkələrdir. Mənim Çinə 2005-ci ildəki rəsmi və 2015-ci ildəki dövlət səfərlərim ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirməklə yanaşı, birgə iradəmizi bir daha təsdiq etdi.

Fəal siyasi təmaslarımız mövcuddur. Eyni zamanda, iqtisadiyyat sahəsində də fəal əməkdaşlığımız var. Azərbaycan Çinin təşəbbüsünə qoşularaq, Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Bir sıra Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və biz daha çox Çin şirkətlərini ölkəmizdə investor, ticarətçi və podratçı qismində görmək istəyirik. Azərbaycanda çox münbit sərmayə mühiti olduğundan biz sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərini görməyə ümid edirik.

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. Bizim ticarət dövriyyəmiz 1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılmışdır. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər.

Humanitar sahədə əməkdaşlığımızın yaxşılaşdırılması münasibətlərimizin inkişafında vacib rol oynaya bilər. Düşünürəm ki, təhsil sahəsində daha fəal əməkdaşlığa ehtiyac var.

Azərbaycan özünün turizm sənayesinin inkişafına böyük diqqət ayırır və biz son illər bu istiqamətdə mühüm uğurlar əldə etmişik. Azərbaycana səfər edən Çin turistlərinin sayında 53 faiz artım var. Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir.

Çinlə əlaqələr bizim xarici siyasətimizin prioritetlərindəndir. Əminəm ki, qarşıdan gələn illərdə Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək və güclənəcəkdir.

-Sizin 2015-ci ildə Çinə səfəriniz zamanı Azərbaycan və Çin arasında "İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalandı. Son illər ərzində "Bir kəmər, bir yol” layihəsi çərçivəsində iki ölkə tərəfindən əldə edilən irəliləyişi necə qiymətləndirirsiniz? "Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığı üçün hansı sahələr prioritet təşkil edəcəkdir?

-Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin "Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var.

Biz dəmir yolu infrastrukturumuzun müasirləşdirilməsinə sərmayə yatırırıq. Ötən ilin may ayında biz Xəzər dənizində 15 milyon ton yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq liman istifadəyə verdik. Ehtiyac olduğu təqdirdə, onun imkanları 25 milyon tona qədər artırıla bilər. Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 19 qatar yük daşınmışdır.

Coğrafi yerləşməmizdən istifadə edərək, biz ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırdıq və bununla da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdik. Bizim ölkə tarixi İpək Yolu üzərində yerləşir. Müasir infrastrukturun yaradılması bizim əsas hədəflərimizdəndir. Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan hər iki layihədə fəal iştirak edir və bu istiqamətdə bir sıra təşəbbüs irəli sürüb.

-Bildiyiniz kimi, bu ay Pekində "Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu keçiriləcəkdir. Əməkdaşlığın dərinləşdirilməsi və bəşəriyyət üçün birgə gələcəyin qurulması baxımından bu layihə ilə bağlı gözləntiniz nədən ibarətdir?

-Əminəm ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır. Bu layihələr geosiyasi vəziyyətə təsir edir, sabitliyə və proqnozlaşdırıla bilməyə töhfə verir və qarşılıqlı asılılıq yaradır. Qonşularsız biz tranzit ölkəyə çevrilə bilmərik. Yəni, bu, dövlətlərdən ibarət zəncirdir və biz Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərindəyik. Bununla da biz qitələri və ölkələri birləşdirir və daha da proqnozlaşdırıla bilən gələcək qururuq.

"Bir kəmər, bir yol” təşəbbüsü ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirə, sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verə bilər. Bu layihə mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəklənməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir. Ümid edirəm ki, "Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu bu istiqamətdə növbəti addım olacaq və məhsuldar müzakirələrin aparılması üçün yaxşı imkan yaradacaq.

-Bu il Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü qeyd olunur. Son illər ərzində Çinin inkişafını necə qiymətləndirirsiniz?

-Əsrlər boyu Çin xalqı özünün qədim tarixi ənənələri və zəngin mədəniyyəti ilə bəşər sivilizasiyasının inkişafına töhfəsini verib. Çin Xalq Respublikası yarandığı tarixdən böyük inkişaf yolu keçib. Çin rəhbərliyinin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkə misilsiz nailiyyətlər əldə edib. Güclü iqtisadi inkişaf, ölkədaxili sabitlik və təhlükəsizlik, əhalinin yüksələn rifahı bunun aydın göstəricisidir. Biz Azərbaycanda Çinin müxtəlif sahələrdə əldə etdiyi böyük nailiyyətləri maraqla izləyirik.

Əminəm ki, Çin inkişaf, firavanlıq və tərəqqi yolu ilə getməkdə davam edəcəkdir. Bu işdə Çin xalqına və onun rəhbərliyinə yeni uğurlar diləyir, Çin Xalq Respublikasının yaranmasının qarşıdan gələn 70-ci ildönümü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

.