Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) su təchizatı, drenaj və təzyiqli kanalizasiya sistemləri üçün plastik boru kəmərləri sahəsində üç yeni dövlət standartını qəbul edib.

Bu barədə AZSTAND məlumat yayıb.

Yeni qəbul edilən standartlar aşağıdakılardır:

AZS EN 12201-1:2025 – “Su təchizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri. Polietilen (PE) - Hissə 1: Ümumi tələblər”

AZS EN 12201-2:2025 – “Su təchizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri. Polietilen (PE) - Hissə 2: Borular”

AZS EN 12201-3:2025 – “Su təchizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri. Polietilen (PE) - Hissə 3: Fitinqlər”

Sözügedən standartların qəbul edilməsi polietilen (PE) materialından istehsal edilən boru, fitinq və digər komponentlərin keyfiyyət və təhlükəsizlik göstəricilərini artırmağı hədəfləyir. Həmçinin, su təchizatı, drenaj və təzyiqli kanalizasiya sistemləri üçün plastik boru kəmərlərinin ümumi tələblərini müəyyən edir.

Yeni standartların tətbiqi nəticəsində əhali, sənaye müəssisələri və digər sahələrin su ilə təchizatı üçün istifadə edilən xətlərin, eləcə də tullantı sularının axıdılması üçün nəzərdə tutulan xətlərin davamlılığı artırılacaq, su itkisi azalacaq və resurslardan daha səmərəli istifadə təmin ediləcək.

AZS EN 12201-1:2025, AZS EN 12201-2:2025 və AZS EN 12201-3:2025 dövlət standartları ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının icrası çərçivəsində hazırlanıb. Bu standartlar daha əvvəl qüvvədə olan AZS 806-1-2014, AZS 806-2-2014 və AZS 806-3-2014 dövlət standartlarını əvəz edir.

Sözügedən standartlar “Tikinti materialları, məmulatları və konstruksiyaları” Texniki Komitəsində (AZSTAND/TK 10) qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

.