Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu və Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

"Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur", - deyə qeyd olunub.

***
Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.

Hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.

Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi xidmət hərbi qulluqçuları (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.

Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

.