ABŞ-ın Oklahoma şəhərində Azərbaycan Ordusu və Oklahoma Milli Qvardiyası arasında imzalanmış Ştatla Tərəfdaşlıq Proqramının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbir Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü, Azərbaycan Müdafiə Nazirliyi, Oklahoma ştatı Qubernatorunun ofisi və Milli Qvardiyanın dəstəyi ilə reallaşıb.

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sözügedən tədbirdə iştirak etmək məqsədilə ABŞ-a səfər edib.

Tədbirdə Oklahoma ştatının Qubernatoru Con Kevin Stitt, Milli Qvardiyanın komandanı Tomas Mançino, general-polkovnik Kərim Vəliyev və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim 20 il ərzindən həyata keçirilmiş tədbirlər, qarşılıqlı səfərlər, o cümlədən təhsil, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqdan danışıb və bu əlaqələrin daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib və Oklahoma ştatının aparıcı şirkətləri bu ərazilərdə müxtəlif sahələrdə, xüsusilə bərpa olunan enerji sahəsində investisiya qoymağa dəvət edilib.

Çıxışlardan sonra general-polkovnik K.Vəliyev Ştatla Tərəfdaşlıq Proqramının 20 illiyi münasibətilə hazırlanmış lövhəni Oklahoma Qubernatoruna və Oklahoma Milli Qvardiyasının komandanına təqdim edib. Öz növbəsində, Qubernator 19 sentyabr tarixinin Azərbaycan Ordusu və Oklahoma Milli Qvardiyası arasında Ştatla Tərəfdaşlıq Proqramının imzalanma günü elan edilməsinə dair lövhəni general-polkovnik K.Vəliyevə təqdim edib.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti, tarzən Arslan Növrəsli, Beynəlxalq Muğam Mərkəzinin solisti, kamança ifaçısı Elnur Mikayılov və Azərbaycan Respublikasının Əməkdar artisti, pianoçu Nərgiz Əliyeva həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.

.