
Dünya bazarında neftin qiyməti nisbi yüksəlişdən sonra yenidən enməyə başlayıb.
Virtualaz.org saytı xəbər verir ki, bu günə olan hərracların nəticəsinə əsasən "Brent” markalı neft 64,8 dollardan satılır. Yüngül Texas nefti WTI isə 59,2 dollardır.
"Morgan Stanley” və "Barclays” banklarının analitikləri deyirlər ki, hazırda Atlantik okeanında Qərbi Afrika və Azərbaycandan, habelə Şimal dənizindən hasil edilmiş neftlə dolu tankerlərin sayı artır.
Treyderlər nefti tankerlərdə saxlayaraq qiymətin yüksəlməsini gözləyirlər. Lakin müştəri gözləyən neftin həcminin artması qiymətin ucuzlaşmasına təsir edən amilə çevrilir.
"Atlantik hövzəsində əlavə neft ehiyatları var. Şimal dənizindən yüklər saxlanılır, Nigeriyadan daha böyük həcmdə neft var. Biz Liviyada hasil olunan neftin həcminin də artmasını müşahidə edirik, bu ölkədə xaos hökm sürməsinə baxmayaraq” - deyə Florida ştatında mənzillənmiş "Energy Analytics Group” agentliyinin rəhbəri Tom Finlon bildirir.
"Barclays” bankı isə məlumat verir ki, mayın ilk həftəsində Nigeriyadan və Anqoladan təxminən 80 milyon barrel neft satılmamış qalıb. Bu, həmin ölkələrdəki üç həftəlik hasilatın həcminə bərabərdir.
Gələn ay İranla Qərb arasında yekun nüvə razılaşması əldə edilməlidir və bundan dərhal sonra İrana qarşı sanksiyalar götürülməlidir. İran vəd edir ki, sanksiyalar götürülən kimi gündəlik neft hasilatını 1 milyon barreldən 4 milyon barrelə qaldıracaq. Bu isə bazarda neft bolluğunu daha da artıra və qiymətlərin ucuzlaşması üçün əlavə təzyiq yarada bilər.