Futbol üzrə Azərbaycan millisinin “FIFA series – Edition 2024” turniri üçün toplanış tarixi bəlli olub.

Bu barədə “Report”a turnir çərçivəsində keçiriləcək yoldaşlıq görüşlərində yığmanın baş məşqçisi olacaq Arif Əsədov məlumat verib.

Mütəxəssis bildirib ki, komanda martın 18-də bir araya gələcək: “Premyer Liqada XXVII tura martın 17-də keçiriləcək oyunlarla yekun vurulacaq. Ertəsi gün yığma hazırlığa başlayacaq. O ki qaldı millinin heyətinə, bunu dəqiqləşdirmək üçün qarşıdakı iki turun matçlarını gözləyəcəyik”.

Baş məşqçi ölkə xaricində çıxış edən milli üzvlərinin hazırkı durumundan məmnun olmadığını etiraf edib: “Həm ölkə daxilində, həm də xaricində çıxış edən oyunçuları izləyirik. Legioner həyatı yaşayanlar az oyun vaxtı əldə edirlər, bu baxımdan problem yaşayırlar. Bəziləri 90 dəqiqə meydanda olmurlar. Amma hələ vaxta var. Ümid edirəm ki, toplanışa qədər hər şey qaydasına düşər”.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Monqolustan, 25-də isə Bolqarıstanla qarşılaşacaq. Saat 20:00-da başlayacaq hər iki görüş Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

.