Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Aqil Nəbiyev Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində Türkiyəyə qarşı keçirdikləri yoldaşlıq oyunlarını dəyərləndirib.
Mütəxəssis “Report”a açıqlamasında toplanışa bütün futbolçuları dəvət edə bilmədiklərini söyləyib.
Bununla belə, o, hazırlıq prosesindən və Türkiyə ilə qarşılaşmalardan razı qalıb:
“Bu mənim U-15 ilə ilk toplanışım idi. Oktyabrın 23-də bir araya gəldik. Oktyabrın 28-i və 31-də Türkiyə ilə yoldaşlıq görüşləri keçirdik. Rəqib komandanın futbolçuları iki ildir birlikdədir. Biz komandanın bəzi üzvlərini müəyyən səbəblərə görə dəvət edə bilməmişdik. Toplanışdan narazı qaldığımı deməzdim. İlk toplanış olduğu üçün birinci və ikinci oyunlar arasında pozitivlik baxımından böyük fərq var idi. İlk oyunda fərdi səhvlərdən qol buraxdıq. Baxmayaraq ki, komanda şəklində yaxşı mübarizə apardıq. İkinci oyun tam bizim üstünlüyümüzlə keçdi. Hesab 2:2 oldu. Yüz faizlik qol imkanlarını qaçırdıq. Uşaqların beynəlxalq təcrübələri azdır, fərdi keyfiyyətlərində də bəzi sıxıntılar var. Hansı ki, müəyyən vaxtdan sonra aradan qalxa bilər. İnanıram ki, komandanı tam formalaşdıra biləcəyik”.
Qeyd edək ki, Qəbələdəki toplanış zamanı A.Nəbiyevin rəhbərlik etdiyi U-15 millisi Türkiyə ilə iki yoxlama oyunu keçirib. İlk görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb, ikinci matçda heç-heçə qeydə alınıb - 2:2.
.