Azərbaycan məktəblərində 2021/2022-ci dərs ilinin “Son zəng”i çalınıb.
Bakının 234 nömrəli tam orta məktəbində keçirilən “Son zəng” tədbirində təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, ictimaiyyət nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və məzunlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Məktəbin direktoru Könül Məmmədli tədbir iştirakçılarını salamlayıb, məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib. O, çıxışında məktəbdə 1 267 şagirdin təhsil aldığını, onlardan 50 nəfərin bu il məzun adını qazandığını bildirib.
Təhsil naziri Emin Əmrullayev məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. E.Əmrullayev ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib.
2021-2022-ci tədris ilində həyata keçirilən uğurlu layihələrdən və təhsil islahatlarından danışan nazir görülən işlərin əsas məqsədinin hər bir Azərbaycan gənci üçün təhsilin əlçatan olmasını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəb həyatını başa vurub məzun adı alan onbirinciləri təbrik edib, onlara müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.
Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini xatırladan İdarə müdiri həmin parlaq gələcəyin məhz gənclərin əlində olduğunu və onların bunu layiqincə dəyərləndirmələrinin vacibliyini qeyd edib.
M.Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi dövlət qayğısının Azərbaycana gələcək üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsi və millətin daha aydın sabahına xidmət etdiyini diqqətə çatdırıb.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Sonda məktəblilər "Son zəng"i çalaraq təhsil illərini yekunlaşdırıblar.
.