Azərbaycan Mediasiya Şurası və "İntegro Consulting" MMC-nin “Mediasiya: Beynəlxalq Təcrübələrin Azərbaycan Kontekstində İnkişafı” mövzusunda konfransı keçirilib.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun konfransda açılış nitqi ilə çıxış edərək, mediasiyanın rolu və mübahisələrdəki əhəmiyyəti barədə danışıb.
Bunun ardınca 18 saylı Mediasiya Təşkilatının üzvü Sadiq Bağırovun “Mediasiyada barışıq sazişi” adlı kitabının təqdimatı olub.
Daha sonra "İntegro Consulting" MMC-nin təsisçisi və direktoru Leyla Şahbazova tədbirin əsas məqsədi və Azərbaycan hüquq sistemindəki yeri barədə nitq söyləyib.
Mediasiya Şurası İdarə Heyətinin üzvü Əli Nəbiyev Türkiyə Cümhuriyyətinin Birləşmiş Millətlər Təşkilatının "Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında" Konvensiyasına qoşulmasının təcrübi əhəmiyyəti və rolu haqqında fikirlərini bildirib.
Professor Tahirə Allahyarova çıxışında təşkilatçıları belə böyük təşəbbüslərinə görə təbrik edib, xüsusilə özəl şirkətlərin mediasiyadakı rolunu vurğulayıb.
Konfransın digər məruzəçilərindən biri də Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel olub. O, Azərbaycan və Türkiyə təcrübəsində mediasiyanın inkişafına diqqət çəkib.
Türk Dünyası Mediatorlar Birliyi Komissiya rəhbəri Prof. Dr. Şebnem Akipek Birləşmiş Millətlər Təşkilatının "Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında" Konvensiyası barədə fikirlərini səsləndirib, bu barədə auditoriyanın suallarına cavab verib.
Sonda “Günay Erdoğan Vəkil bürosu”nun təsisçisi, mediator və vəkil Prof. Dr. Ersin Erdoğan mediasiya sahəsində xarici ölkələrdə imzalanmış mediasiya sazişlərinin tanınması və icrasının Türkiyə Cümhuriyyəti praktikası barədə çıxış edib.
.